Ağdaşda sərxoş vəziyyətdə yol-nəqliyyat hadisəsi törədən sürücü inzibati qaydada cəzalandırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, avqustun 27-də, saat 00:35-də Ağdaş şəhər sakini, 1990-cı il təvəllüdlü İlqar Həsənov idarə etdiyi və özünə məxsus olan İnfiniti FX35 markalı 90 ZM111 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirərək mağazanın qarşısındakı soyuducu kameralara, daha sonra işıq dirəyinə və 5 saylı orta məktəbin daş hasarına dəyməklə yol nəqliyyat hadisəsi törədib.
Hadisə ilə əlaqədar Ağdaş rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, İ.Həsənov nəqliyyat vasitəsini idarə etmək hüququna malik olsa da, avtomobili sərxoş vəziyyətdə idarə edib. Hadisə zamanı İ.Həsənov avtomobildə tək olub və heç bir xəsarət almayıb.
Yol nəqliyyat hadisəsi nəticəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahin İbrahimova və “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağdaş Elektrik Şəbəkəsinə maddi ziyan vurulması müəyyən edildiyindən İ.Həsənovun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi, zərər çəkmiş şəxsə maddi zərər vurduqda) maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunub.
Ağdaş rayon məhkəməsinin qərarı ilə İ.Həsənov İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 30 gün müddətinə inzibati həbs edilib.
Qeyd edək ki, İlqar Həsənov Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğludur.
***
Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu İlqar Həsənov 30 gün müddətinə həbs edilib.
Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər.
Belə ki, Ağdaş Rayon Məhkəməsi dünən törətdiyi qəzadan sonra İlqar Həsənovun inzibati həbsi haqqında qərar qəbul edib.
Bundan başqa, məhkəmənin qərarı ilə İlqar Həsənov iki il müddətinə avtomobil idarə etmək hüququndan da məhrum edilib.
Xatırladaq ki, İlqar Həsənov 90 ZM 111 dövlət nömrə nişanlı “İnfiniti” markalı maşını yüksək sürətdə idarə edərkən qəza törədib. Maşın əvvəlcə mağazaya çırpılıb, daha sonra işıq dirəyini yerindən qopararaq rayondakı 5 nömrəli məktəbin həyətinə girib.
Onun qəza törədrkən içkili vəziyyətdə olduğu bildirilir.