Baş Prokurorluq Abşeron rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.
Sentyabrın 17-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes Benz” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən 1974-cü il təvəllüdlü Səmayə Ağayevanı vurub.
Daha sonra “Mersedes Benz” hərəkət zolağının qarşı tərəfinə çıxıb və “Ford” markalı 99-HP-526 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Avtomobilin sürücüsü hadisə yerindən qaçıb, piyada isə aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Fakta görə Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni 1990-cı il təvəllüdlü, Binəqədi rayon sakini Orxan Ruzpeykar adlı şəxsin özünə məxsus ”Mersedes Benz E 240” markalı 90 CP 033 dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi müəyyən edilib. O, sentyabrın 20-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla Orxan Ruzpeykar barəsində həbs qətimkan tədbiri seçilib.