Beynəlxalq Avrasiya Mətbuat Fondu Beynəlxalq Sülh Günü münasibəti ilə İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının iqamətgahında keçirilən 2017 Cenevrə Sülh Danışıqlarında iştirak edib.
Kofi Annan kimi yüksək səviyyəli qonaqların iştirak etdiyi 2017 Cenevrə Sülh Danışıqlarında dünyada mövcud olan münaqişələr, onların həlli yolları, sülhyaratma təşəbbüsləri, tərəflər arasında dialoqun qurulması kimi mövzular müzakirə edilib.
Bu il "Körpülərin salınması" şüarı altında keçirilən 2017 Cenevrə Sülh Danışıqlarında iştirakçılar artmaqda olan qeyri müəyyənlik dövründə insanlar arasında ümumi anlaşma və həll yollarını tapmaq üçün dövlət və qeyri-dövlət aktorları tərəfindən görülən işlərlə bağlı fikir mübadiləsi aparıblar.
Tədbirdə Şimali və Cənubi Koreya arasında birgə simfoniya yaratmağa çalışan skripkaçının və Birləşmiş Ştatlarda radikal gənclərin reabilitasiyasına yardım etmək üçün QHT yaratmış keçmiş neo-faşistin nümunəsi böyük marağa səbəb olub. Çıxışçılar belə nümunələr vasitəsilə dövlət və əyalət səviyyəsində bütün dünyada dialoqun gücləndiriləməsi və sülhün təşviqi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.
Tədbir çərçivəsində BAMF-ın Cenevrədəki nümayəndəsi Maykl Montafi Cenevrə Sülh Danışııqlarının moderatoru və Cenevrə Sülh Yaratma Platformasının İcraçı Koordinatoru Dr. Akhim Venmanla görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən BAMF nümayəndəsi Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının öz torpaqlarından didərgin düşdüyünü bildirib. O, qeyd edib ki, tərəflər arasında davamlı sülh əldə edilmədikcə, münaqişənin yenidən alovlanması qaçılmazdır.
Maykl Montafi BAMF-ın konfliktin sülh yolu ilə və ədalətli həll istiqamətində böyük səylə çalışdığını diqqətə çatdırıb. Bildirib ki, təşkilat 1992-ci ildən etibarən münaqişədən əziyyət çəkmiş mülki vətəndaşlara yardım edir və onların yaşadıqları problemləri beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal işlər görür.