Amerika kəşf etməyəcəm. Bəlkə də həmkarlarım arasında okeanın bu tayına nəhayət gəlib çıxan sonunculardanam. Amma mən özüm üçün buranı kəşf etmək istəyirəm. Həqiqətən belə təsadüflər də olur. Ağ evin qarşısından keçəndə Ağ evə sahib olmuş yeganə qara dərili president Barak Obamanın tam bir bənzəri olan şəxslə qarşılaşasan. Vaşinqtona səfərim zamanı bir çoxlarımızın ilk ziyarət etmək istədiyi məkanlardan biridir, Ağ ev. ABŞ –ın 33-cü prezidenti Harri Truman buranı dünyanın ən yaxşı “həbsxanası” adlandırırdı. Hər halda Trumana inansaq, Amerika prezidenti olmağın məsuliyyəti o qədər böyükdür ki, sən uzun müddət dünyanın bir nömrəli binasında az qala “məhkum” kimi yaşamalı olursan. Ağ evin tikilməsi haqqında qərarı Amerika Birləşmiş Ştatlarının ilk prezidenti hələ sağ ikən amerikalılar tərəfindən “Amerikanın atası” adına layiq görülmüş Corc Vaşinqton imzalayıb və ilk təməl daşını da özü qoyub. Tikinti işlərinə birbaşa özü nəzarət etsə də Ağ Evdə işləmək və yaşamaq Vaşinqtona qismət olmayıb. Belə ki, bu möhtəşəm tikili onun ölümündən bir il sonra hazır olub. Binanın ilk sakinləri isə Birləşmiş Ştatların 2-ci prezidenti Con Adams və ailəsi olub. Bu bina ona görə əhali arasında "Ağ ev" adlandırılmağa başlanıb ki, çünki binanın üstünə çəkilən ağ üzlük materialı onu ətrafdakı qırmızı mərmər fasadlı binalardan kəskin şəkildə fərqləndirib. 2001-ci ilin 11 sentyabr hadisələrinə qədər Ağ ev turistlərin üzünə açıq olub və hər gün bu binaya orta hesabla 6 minə qədər turist gəlib. Təəssüf ki, 11 sentyabrdan sonra Ağ ev dəmir barmaqlıqlarla hasara alınıb... Dünyanın siyasi abu-havasının müəyyən olunduğu bu möhtəşəm bina hər şeyə rəğmən turistlərin Vaşinqtonda ziyarət etdiyi əsas məkanlardan biri olaraq qalır. Yazılmamış qanuna görə, məhz ABŞ paytaxtında Ağ evin ətrafında bu binadan hündür bina tikmək olmaz. Və bu qaydaya da ciddi riayət olunur. Müşahidələrim davam edir…
Ayaz Mirzəyev,Eurasiadiary
WashingtonDC (ABŞ)