Göyçayda intihara cəhd edən 9 saylı məktəbin direktoru Akif Qəribov müayinə olunduğu xəstəxanadan evə buraxılıb.
Bu sözləri Axar.az-a Göyçay Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Elçin Bilalov deyib. Baş həkimin sözlərinə görə, A.Qəribovun səhhəti qaydasına düşüb:
“Xəstəxanada qalmasına ehtiyac yox idi, ona görə də evə buraxıldı. Hazırda vəziyyəti yaxşıdır”.
Direktorun evə buraxılmasına baxmayaraq, hələ də işə çıxmadığı deyilir. Göyçay Rayon Təhsil Şöbəsindən Axar.az-a verilən məlumata görə, direktor xəstəlik bülleteni alıb:
“Səhhəti ilə əlaqədar işə çıxmır. Bülleten alıb. Direktoru kimin əvəz etməsi barədə məlumatımız yoxdur”.
Məsələ ilə əlaqədar A.Qəribovun direktoru olduğu 9 saylı məktəblə əlaqə yaratmaq mümkün olmadı.
Qeyd edək ki, dekabrın 22-si Göyçay rayonu 9 saylı məktəbin direktoru Akif Qəribov intihar məqsədilə damarlarını doğrayıb. Direktordan 20 min manat pul tələb edildiyi, bu pulu verə bilmədiyi üçün canına qıydığı iddia edilir. Hadisə ilə bağlı araşdırmaların davam etdiyi deyilir.