Prezident İlham Əliyevin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrə dəyişikliklərlə bağlı qanunu təsdiqlədikdən sonra Vəkillər Kollegiyasına üzv olan vəkillərin sayında əhəmiyyətli dərəcədə artım müşahidə olunmur.
Bu barədə Vəkillər Kollegiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda Vəkillər Kollegiyasının 934 nəfər üzvü var:
“Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişikliklərdən sonra məhkəmələrdə yalnız vəkillər iştirak edə bilər. Prezidentin bu sərəncamına əsasən, Vəkillər Kollegiyasına tövsiyə olunur ki, ölkədə vəkillərin sayı artırılsın. Buna görə də Vəkillər Kollegiyasının rəhbərliyi 2017-ci il 11 dekabrından 2018-ci ilin 11 yanvarına qədər vəkilliyə qəbul elan edib. Bir ay ərzində 1000 nəfərdən çox hüquqşünas artıq öz ərizəsini təqdim edib. Proses 2016-cı ildən başladıldığı üçün hazırda 2000-ə yaxın vəkilliyə namizəd şəxs var. Bu namizədlər uğurlu nəticə əldə edəcəyi təqdirdə ölkədə vəkillərin sayı əhəmiyyətli dərəcədə artacaq”.