Azərbaycan vətəndaşları Türkiyədə, Türkiyə vətəndaşları isə Azərbaycanda daha rahat yaşamaq və işləmək üçün icazə ala biləcəklər. Bu icazələr üçün lazım olan rüsumların da azaldılması istiqamətində danışıqlar aparılır. Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir ölkədə həyata keçirilən özünəməşğulluq proqramına da toxunub. O bildirib ki, gələcəkdə proqramdakı bəzi qaydalar dəyişdirilə bilər.
Türkiyədə işləmək və yaşamaq üçün icazə almaq daha asan olacaq...
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Azərbaycan və Türkiyə arasında yaşamaq və işləmək üçün icazələrinin alınması prosedurlarının sadələşdirilməsi istiqamətində danışıqlar aparılır. Bu çərçivədə qarşılıqlı olaraq rüsumların da azaldılması nəzərdə tutulub.
Səlim Müslümov ölkədə həyata keçirilən özünəməşğulluq proqramına da toxunub. O, qeyd edib ki, ötən il Prezidentin ehtiyat fondundan ayrılan 6 milyon manat hesabına xeyli ailə bu proqrama cəlb edilib. Bu il isə "İşsizlikdən sığorta" sistemindən əldə olunan vəsaitlərin 40 faizi bi istiqamətə yönəldiləcək.
Nazirin sözlərinə görə, özünəməşğulluq proqramına cəlb edilən ailələrə aktivlər pulsuz verilir.
Səlim Müslümov deyib ki, hazırda özünəməşğulluq proqramı ilə bağlı Türkiyə təcürbəsinin öyrənilməsi gündəmdədir. Bu səbəbdən də gələcəkdə proqramdakı bəzi qaydaların dəyişdiriləcəyi və ailələrin gəlirlərinə uyğun diferensiallaşma aparılacağı gözlənilir.(xezerxeber.az)