Bu gün gənc politoloqlardan ibarət nümayəndə heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub və təşkilatın prezidenti Umud Mirzəyevlə görüşüb. Bu barədə Eurasia Diary xəbər verir.
Nümayəndə heyətinə Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin üzvləri, Mərkəzin rəhbəri, politoloq və "Atlas" Siyasi Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu və politoloq, Qərbi Kaspi Universitetinin dekanı Ramiyə Məmmədova daxil olub.
Gənc politoloqların Fondla və beynəlxalq analitik informasiya portalı Eurasia Dairy ilə əməkdaşlığı barədə danışarkən Umud Mirzəyev Azərbaycanda politologiyanın yeni səviyyəyə yüksəlməsinin vacib olduğunu, uşaqlara beynəlxalq arenaya çıxmaq üçün xarici dillərə yiyələnməyi tövsiyyə edib. O gənc politoloqlara analitik yazılarının təşviqatı, onların tanınmış ekspertlərlə görüşünün təşkil olunması və beynəlxalq tədbirlərə cəlb edilməsində lazımi dəstəyi göstərməyə hazır olduğunu ifadə edib.
Daha sonra görüşə Şuşada gedən döyüşlərdə iştirak etmiş Qarabağ veteranları - tankçılardan ibarət qrup qatılıb.
Gənc politoloqlar Şuşadakı hərbi əməliyyatların detalları barədə Qarabağ hərbçilərinin söhbətlərini dinləmək imkanını əldən verməyiblər. Görüş iştirakçıları fəal müzakirələrdən sonra 8 may - Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşanın işğal olunması günündə birgə xatirə tədbirinin keçirilməsi ideyasını irəli sürüblər.
BAMF-ın prezidenti bu tədbirin Fondun dəstəyi və bazası əsasında keçirilməsi təşəbbüsü ilə çıxış edib. Umud Mirzəyev bildirib ki, Şuşanın işğalı barədə faktları geniş kütləyə çatdırmaq lazımdır və bu gənc siyasətçilərə yaxşı bir mühazirə ola bilər.
Natalya Quliyeva