Dünən Zaqatalada güclü zəlzələ baş verib.
İlkin məlumatlara əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 6 bala qədər hiss olunub.
Baş vermiş təbii fəlakətlə bağlı Metbuat.az-a açıqlama verən seysmoloq Ənvər Əliyev bildirib ki, qeyd olunan ərazidə artıq afterşoklar bitib. İnsanlar narahat olmasınlar:
“Oxşar təbii fəlakət Gürcüstanda da baş verdi. Bu, Qafqazla bağlı prosesdir. Çünki Böyük Qafqaz zəlzələ zonasıdır. Qorxulu heç nə yoxdur. Azərbaycanın şimal hissələri seysmoloji cəhətdən aktiv olduğundan aktiv zəlzələlər gözlənilir. Ona görə də, həminbölgədəki evlər, sənaye müəssisələri 9 ballıq zəlzələyə davam gətirəcək şəkildə tikilməlidir”.
Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırması şöbəsinin müdiri Mirnuh İsmayilov isə əlavə edir ki, tekdonik hadisədən sonra yaranan afterşokların gücü zəif olur. Bu səbəblə, güclü bir zəlzələnin yenidən baş verməsindən söhbət gedə bilməz.