Zərdab rayonunda yerləşən “Zərdabi Yolu” tədris mərkəzinin 11-ci sinif şagirdi Səyyad Rəsulov nümunəvi hərəkəti ilə diqqət çəkib.
Mərkəzin müəllimi Səbuhi Musayevin Axar.az-a verdiyi məlumata görə, şagirdi S.Rəsulov təhsil aldığı kursun qarşısından 400 manat məbləğində pul tapıb və sahibini tanımadığı üçün müəllimlərinə verib. Axtarışlardan sonra pulun həmin məktəbin digər müəllimi İsmayıl Zeynalova məxsus olduğu üzə çıxıb:
“Səyyad mənə dedi ki, kursun önündən 400 manat tapmışam. Əvvəl elə bildim, zarafat edir. Sonra pulu mənə verdi. Digər müəllimlər də yanımızda idi. Qərara gəldik ki, səbirli olub gözləyək. Sonra məlum oldu ki, 41 ildir müəllim işləyən İsmayıl Zeynalov adlı müəllimə məxsus imiş”.
Səbuhi Musayev həmin şagirdin hərəkətinin digərlərinə də nümunə olduğunu bildirib:
“Mən şagirdimizə, onun valideynlərinə minnətdaram”.