Qəbələdə kirayə yaşadıqları evdə baş verən yanğın zamanı xəsarət alan ərəblərin ikisi müalicə üçün paytaxta gətirilib.
Eurasia Diary xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib. O bildirib ki, Bakıya gətirilən 1993-cü il təvəllüdlü Əlhəmidi Əhməd Adnan oğlu və 1989-cu il təvəllüdlü Əlhəmidi Nura Adnan qızının vəziyyəti ağırdır:
“Bədən səthlərinin 3-cü dərəcəli yanığı diaqnozu qoyulan Küveyt vətəndaşları Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Digər 3 nəfərin müalicəsi isə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir”.
Qeyd edək ki, ötən gün Qəbələdə ərəb turistlərin kirayə qaldığı evdə yanğın baş verib. Hadisə nəticəsində turistlər - bir ailənin 5 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.
Yanğının məişət ütüsünün elektrik şəbəkəsinə qoşulu halda qalması səbəbindən baş verdiyi ehtimal edilir.