"Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!" - Milli Qəhrəman Rasim İbrahimov | Eurasia Diary - ednews.net

24 May, Cümə


"Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!" - Milli Qəhrəman Rasim İbrahimov

Milli Qəhrəman Rasim İbrahimovun doğum günüdür

Cəmiyyət A- A A+

Vətən üçün döyünən ürək gün gəlir vətən üçün əbədi dayanır.

 

Bu gün, aprel ayının 18-i Milli Qəhrəman Rasim İbrahimovun doğum günüdür. Yaşasaydı əgər 57 yaşı olacaqdı, ancaq o, həyatını vətəni Azərbaycan, Qarabağ yolunda qurban verərək qəhrəmancasına şəhid oldu.

 

Rasim İbrahimov kimdir?

 

İbrahimov Rasim Səxavət oğlu 18 aprel 1962-ci ildə Bakı şəhəri Əzizbəyov rayonunun Çilov adasında neftçi ailəsində anadan olmuşdur. 1969-cu ildə buradakı 131 saylı məktəbin birinci sinfinə getmiş və səkkizinci sinfədək həmin məktəbdə təhsil almışdır. 1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R.İsmayılov 1979-cu ilədək burada oxuyub. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib.

 

1988-ci ildə Bakıya qayıdan R.İbrahimov 1992-ci ildə Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb. Bu tabor Füzuli rayonunun kəndlərini mərdliklə qoruyurdu.

 

Onların taboru 1992-ci il 28 iyunda Tuğ kəndi uğrunda döyüşə girir. Onlarla erməni quldurunu məhv edən döyüşçülər digər dəstənin gəlib çatmamasından mühasirəyə düşürlər. Cəsur komandir R.İbrahimov döyüşçü dostlarını mühasirədən xilas edərkən özü düşmənin mühasirəsinə düşür. Ermənilərə təslim olmayan R.İbrahimov əvvəlcə ayağından yaralanır, ancaq döyüşə davam edir. Komandir əsgərlərini xilas edir, ancaq özü döyüş meydanından çıxa bilmir. Ermənilərin onu əsir götürəcəklərini görüb "Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!",-deyərək özünü qumbara ilə partladır.

 

Ailəli idi, iki övladı qalıb. Oğlu bu gün atasının yolunu davam etdirir.

 

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

 

Çilov adasında abidəsi ucaldılıb və burada qəhrəmanımızın adına bağ salınıb.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...