Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov türkdilli ölkələrlə informasiya sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı maraqlı fikirlər səsləndirib. Ölkəmizin türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacı olduğunu bildirən Ə.Həsənov, erməni təcavüzü və vəhşiliyinin ifşası baxımından da bunun zəruri olduğunu qeyd edib.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Mərbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu belə bir əməkdaşlığın ölkəmizin maraqları baxımından zəruri olduğunu vurğulayıb:
“Hörmətli Əli müəllim ölkəmizin maraq və mənafeyi baxımından son dərəcə aktual bir məsələyə toxunub. Biz türkdilli ölkələrlə bir soydan, bir kökdən olan xalqıq. Əgər biz dünyadakı türk dövlətlərin potensialına, əhali sayına, media institutlarına və s. nəzər salsaq görərik ki, doğrudan da bu sahədə əməkdaşlıq üçün böyük imkanlar var. Bu resursları hərəkətə gətirmək üçün konkret addımlar atılmalı, fəaliyyətə keçməliyik.
İstər Asiyada, istərsə də Avropanın özündə türk xaqllarına məxsus müxtəlif formatlarda fəaliyyət göstərən dərgilər mövcuddur. Lakin bizim aç-çox faydalandığımız Türkiyə mətbuatıdır. Halbuki, biz eyniylə qazax, qırğız, özbək və s. türk xalqlarının mətbuatından da yararlana bilərik.
Bundan başqa, Azərbaycanla türk dövlətlərinin televiziya sahəsindəki əməkdaşlığı ilə bağlı da ciddi imkanlar var. Bizim telelviziya imkanlarından faydalanmağımız Azərbaycan həqiqətlərinin daha geniş təbliği baxımından olduqca əhəmiyyətli addım olar.
Sevindiricidir ki, bizim Orta Asiya ölkələri ilə müəyyən əlaqələrimiz var. Xüsusilə Özbəkistanla son illər ciddi əməkdaşlıq edirik. Yəqin ki, yaxın gələcəkdə bu ölkələrdəki bir neçə media qurumu ilə bizim aramızda memorandum imzalanacaq. Mətbuat Şursının da bu istiqamətdə aktiv fəaliyyətlə bağlı ciddi planları mövcuddur.
Bir neçə il bundan əvvəl Azərbaycan Mətbuat Şurasının təsisçiliyi ilə türkdilli jurnalistlərin birliyi də yaradıldı. Hesab edirəm ki, indiki məqamda bu məsələyə də daha çox diqqətin yetirlməsinə ehtiyac var.
Bir sözlə, hesab edirəm ki, hörmətli Əli müəllimin toxunduğu məsələ olduqca əhəmiyyətlidir və biz bu müstəvidə ciddi nəticə əldə etmək üçün bütün imkanlarımızı səfərbər etməliyik ”.