Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev AZTV-də Rufiz Qonaqovun aparıcısı olduğu "Bizim Planet" verilişində, BMT-nin 71 illik tarixində ilk dəfə Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Humanitar sammiti haqqında fikirlərini bölüşüb. Cənab Mirzəyev bildirib ki, hazırda dünyada 130 milyondan çox insanın humanitar yardıma və sosial müdafiəyə ehtiyacı var. Bu qəbildən olan insanların sayı ildən-ilə artmaqdadır. BMT-nin məqsədi bu problemlərin aradan qaldırılması üçün nəzərdə tutulan vəsaitin məbləğini 2003-cü ildəki 3,4 milyard dollardan 21 milyard dollara çatdırmaqdır.
Bu baxımdan sammitin əsas hədəfi münaqişələrin həlli və onların baş verməsinin qarşısının alınmasına, humanitar fəlakətlərə yol verilməməsi üçün güclü norma və prinsiplərin bərqərar edilməsinə, fəlakət zonalarındakı insanlara humanitar yardımlar çatdıraraq onların ehtiyaclarının ödənilməsinə, humanitar sahəyə böyük sərmayələrin yatırılmasına nail olmaqdır. Ona görə də BMT hesab edir ki, bu tədbir döyüş əməliyyatlarının, erkən nikahların, icbari əmək və insan alverinin qurbanı olan “itirilmiş” uşaq nəslini xilas etmək üçün yeganə şansdır.
Umud Mirzəyev əlavə edib ki, ortalıqda ciddi faktlar var ki, onlar öz həllini gözləyir. Misal üçün, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalı nəticəsində bir milyona yaxın azərbaycanlı öz evlərini tərk edərək, ölkənin müxtəlif rayon və şəhərlərində məskunlaşıblar. Bax bu təcili şəkildə həll olunmalı bir məsələdir ki, əslində, məhz bu sammitdə geniş müzakirə keçirilməli idi.
Ümumiyyətlə, dünya çətin bir dövrlə üz-üzədir. Hadisələr bir daha təsdiqləyir ki, humanitar fəlakətlər daha çox müxtəlif məzmunlu münaqişələr nəticəsində yaranır. Son illər Ukrayna, Suriya, İraq, Liviya, Misir, Yəmən və Tunisdə baş verənlər bunu təsdiqləyir. BAMF-ın sədri əminliklə bildirib ki, münaqişələr daha çox güclərin maraqlarının toqquşmasının yekunudur. Onda humanitar fəlakətin məsuliyyəti də daha çox onların üzərinə düşür. Ən təəssüfləndirici hal isə maraqlarını təmin etmək istəyənlərin qaçqın məsələsinə münasibətidir. Onlara yardım edilməsində ayrı-seçkiliyə yol verilməsidir.
Beləliklə, humanitar fəlakətin, o cümlədən "itirilmiş" uşaq nəslinin yaranmasında günahkar dünyanın müxtəlif ölkələrində, bölgələrində iddialarını reallaşdırmaq istəyən güclərdir. İstanbul sammitində iştirak edənlərin siyahısında onların liderlərinin olmaması fəlakətin miqyasının azalmayacağının göstəricisi də sayıla bilər.