"Biz Birlikdə Güclüyük" - Bakıda Əcnəbi tələbələrin III forumu keçirilib - FOTOLAR | Eurasia Diary - ednews.net

25 Avqust,


"Biz Birlikdə Güclüyük" - Bakıda Əcnəbi tələbələrin III forumu keçirilib - FOTOLAR

Cəmiyyət A- A A+

23 May tarixində Azərbaycan Tibb Universitetində Bakı Beynəlxalq Tələbə Klubunun (BBTK) təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Biz birlikdə güclüyük” devizi altında Azərbaycanda Əcnəbi Tələbə Gənclərin III Ümumrespublika Forumu keçirilib.

Forumda 30 ölkədən - Turkiyə, İran, İraq, Suriya, Yəmən, İordaniya, Litva, Rusiya, Bolqarıstan, Ukrayna, İngiltərə, Hindistan, Pakistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan,Türkmənistan, Çad, Çin, Peru, Kamerun, Sudan, Əfqanıstan, Nigeriya, Şri-Lanka, İndoneziya, Fələstin və Keniyadan 272 tələbə iştirak edib. Tədbirdə iştirak edən tələbələr Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Universiteti, Xəzər Universiteti, Odlar Yurdu, Bakı Mühəndislik Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və digər təhsil ocaqlarında təhsil alan əcnəbi vətəndaşlardır. Ümumilikdə Forumda 10-dan çox universitetdən, müxtəlif ölkələrin 400-ə yaxın vətəndaşı iştirak edib.

Tədbir Azərbaycan dövlət himninin səslənməsi ilə başlanıb. BBTK İctimai birliyinin sədri Aysəba Umutlu çıxış edərək Forumu açıq elan edərək, BBTK-nin fəaliyyətindən söz açıb. O, əvvəlki Forumun nəticələrinə dair məlumat verib. 

Forumda İtaliya, Ukrayna, Türkiyə, İraq, İran, Fələstin, Pakistan, Sudan,Türkmənistan, Mərakeş, İordaniya səfirliklərinin nümayəndələri və Gənclər Fondu, Bakı Britaniya Məktəbi, Mədəniyyət Nazirliyi, Gənclər İdman Nazirliyi, Diaspora ilə iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Təhsil Nazirliyi, Dövlət Miqrasiya İdarəsinin nümayəndələri də daxil olmaqla bir çox səfirlik və dövlət nümayəndələri iştirak edib. Rəsmi qonaqlar tədbirdə səsləndirilən suallara cavab verib, çıxışlar ediblər.

Forumda Azərbaycan Gənclər Fondunun direktoru Fərid Cəfərov iştirakçılara təbriklərini çatdırıb, bu forumun hər il ənənə olaraq, davam etdirilməsi istəklərini bildirib. F. Cəfərov bu cür Forumun ölkəmizin təbliğ olunması, əcnəbi və yerli tələbələr arasında dostluq münasibətlərinin qurulmasındakı əhəmiyyətini qeyd edib.

Millət vəkili Şahin İsmayılov hər il keçirilən Forumun iştirakçılar və təqdimatlar baxımından bir-birindən zəngin olduğunu söyləyib. 

Tibb Universitetinin rektoru G.Gəraybəyli hazırda Universitetdə 32 fərqli ölkədən 2000-ə yaxın tələbənin təhsil aldığını deyib. O, qeyd edib ki, Prezident cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas prioritetlərindən biri də Universitetlərin dünyada reytinqinin artırılmasıdır ki, bu prosesdə ölkəmizdə təhsil əcnəbi tələbələrin sayı önəmli meyarlarından biridir.
 
BAMF Prezidenti Umud Mirzəyev Forumun Azərbaycan gerçəklərinin dünyaya çatdırılmasında əhəmiyyətindən danışıb. U. Mirzəyev burada təhsil alan hər bir tələbənin öz vətəninə qayıtdıqdan sonra Azərbaycanın bir parçası, bir səfiri olacağına ümid etdiyini bildirib.  

Forum zamanı əcnəbi tələbələr öz milli rəqslərini nümayiş etdiriblər. Bundan əlavə, Azərbaycan dilində şeir və mahnılar da səsləndirilib.

İştirakçılar zalın girişində təşkil edilmiş müxtəlif millətlərin milli-mənəvi dəyərlərini əks etdirən stendlərlərlə tanış olublar. Burada Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Çin, Pakistan və s. xalqlara məxsus milli şirniyyatlar, xörəklər və suvenirlər nümayiş etdirilib.

Forumla bağlı təəsüratlarını bölüşən İtaliya Səfirliyinin nümayəndəsi Elena Leonardi, tədbirin yüksək səviyyədə təşkil olunmasından məmnun olduğunu ifadə edib. O, tələbələrin bir məkanda öz ölkələrini təmsil etmələrinin çox xoş hisslər olduğunu, belə bir tədbirdə ilk dəfə iştirak etdiyi deyib.

Bakı Britaniya Məktəbinin direktor müavini Filip Roşe BAMF-in təşkilatçılığı ilə aparılan fəaliyyətləri yüksək qiymətləndirib. F.Roşe təşkilata olan hörmətini doğma dilində mahnı ifa edərək nümayiş etdirib.

Ukrayna səfirliyinin əməkdaşı Stanislav Koval tədbirdə iştirak etməkdən böyük zövq aldığını deyib. O, növbəti tədbirlərdə Ukraynadan olan tələbələrin daha geniş formada iştirak edəcəyini vurğulayıb.

S.Koval belə tədbirlərin tələbələrin inteqrasiyasına, müxtelif xalqların mədəniyyəti ilə tanişlığına töhfə verdiyini vurğulayıb.

Müxtəlif mədəniyyətlərin nümayəndələrinin toplaşaraq vahid şüar altında həmrəylik nümayiş etdirməsi iştirakçılar tərəfindən yüksək qiymətləndirilərək alqışlanmışdır.

 

1

1

1

1

1

1

1

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...