Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov jurnalist Fuad Abbasovun işi ilə bağlı Rusiya Federasiyasının Jurnalistlər İttifaqının sədri Vladimir Solovyova rəsmi müraciət ünvanlayıb. Müraciətdə yaranmış vəziyyətə xüsusi diqqət yetirilməsinin zəruriliyi qeyd olunur və istintaqın obyektiv aparılmasının təşviqinə çağırılır.
Eurasia Diary müraciətin tam mətnini təqdim edir:
“Çox hörmətli Vladimir Solovyov,
Ümid edirəm ki, işləriniz yaxşıdır.
Azərbaycan Mətbuat Şurası adından hörmətimi çatdıraraq diqqətinizi Moskvada yaşayan və işləyən azərbaycanlı jurnalist Fuad Abbasovun həbsi ilə bağlı çox vacib bir məsələyə yönəltmək istəyirəm. Biz bu barədə sizə xeyli əvvəl müraciət etməli idik, lakin məsələnin indiyədək tezliklə həll ediləcəyinə ümid edirdik.
Mayın 16-da Fuad Abbasov saxlanılıb və onun Mayın 28-də vətəninə deportasiya edilməsi barədə qərar qəbul edilib. Jurnalist "Xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Rusiya Federasiyasına daxil olma qaydalarının və ya Rusiya Federasiyasında qalma rejiminin (yaşayış) pozulması" maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib, lakin qərar bir çox insanlarda narazılıq doğurub.
Həbs olunduğu andan etibarən onunla əlaqəmizi itirmişik. Ancaq mən sizi əmin edirəm ki, indi baş verən hadisələr açıq-aydın təxribatdır və bəzi maraqlı tərəflərin Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin uğurlu inkişafına qəsdən mənfi təsir göstərmək cəhdidir.
Fuad Abbasov dəfələrlə millətlərarası nifrət və düşmənçiliyi qızışdırmaqda ittiham olunub. Ancaq Rusiyada Ermənistanı Azərbaycana qarşı dəstəkləmək üçün dövlət televiziyası da daxil olmaqla, dəfələrlə efirdə çıxış edən televiziya aparıcıları, jurnalistlər və ekspertlər var. Bu, münaqişənin təxribat olmasına və qızşdırılmasına bariz nümunədir. Lakin, eyni zamanda, bu insanların heç biri cəzalandırılmamış və ya ən azından bu cür fəaliyyətin qeyri-mümkünlüyü barədə onlara ictimai şəkildə xəbərdarlıq olunmamışdır. Bu gün bu insanlar sərbəst şəkildə öz fəaliyyətlərini davam etdirir.
Öz növbəmizdə bəyan edirik ki, Fuad Abbasov jurnalist kimi həmişə qanun çərçivəsində işləyib. Ermənistandan olan bir çox nümayəndəni, xüsusilə də Rusiya Federasiyasının ərazisində yaşayanların bir çoxunu Fuad Abbasovun Ermənistanın Azərbaycana qarşı işğalçılıq fəaliyyəti ilə bağlı bəyanatları və erməni silahlı qüvvələrini Azərbaycana məxsus Dağlıq Qarabağ və 7 ətraf rayondan çıxarmaq barədə çağırışları qane etmədi. Bir qarabağlı olaraq jurnalist cəsarətlə Rusiyada və Azərbaycanda ictimai televiziyalarda çıxış edib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin zəruriliyini bəyan edib. Onun Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkən dinc sakin kimi buna tam hüququ var idi. Nəticədə, Abbasovun birbaşa və açıq bəyanatlarından narazı olanlar, onu xalqlararası nifrəti qızışdırmaqda ittiham edərək Rusiyadan deportasiya olunmasında istifadə etmək qərarına gəliblər.
Biz sizdən qətiyyətlə yaranmış vəziyyətə diqqət yetirməyinizi və obyektiv araşdırma aparılmasında köməklik göstərmənizi xahiş edirik.