"Hadisələrin idarəetmə sistemi fəaliyyətə başladıqdan sonra biz əldə edilən statistik məlumatlar əsasında Azərbaycanın risk xəritəsini hazırlayacağıq".
APA-nın məlumatına görə, bunu bu gün İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov KİV nümayəndələri üçün təşkil olunmuş maarifləndirici seminarda çıxış edərkən bildirib.
R. Əhmədov deyib ki, statistik məlumatlar gələcəkdə atılacaq addımları müəyyənləşdirmək üçün vacibdir: "Məsələn, mən sığorta şirkətlərində çalışdığım dövrdə Qazax-Bakı magistralında, Kürdəmir-Ucar arasındakı yolda mal-qara ilə əlaqədar avtomobil qəzaları baş verirdi. Statistik məlumatlar bunu ortaya qoyurdu. Bu nəzərə alınaraq həmin yolda mal-qaranın keçməsi üçün yeraltı keçidlər tikildi. Nəticədə qəmin yolda qəzalar, insan ölümləri, avtomobillərə dəyən zərərlər azaldı".