"Cumhuriyyət medalı" alan deputat Rəsulzadə adından qorxdu - “Məni bu məsələlərə qarışdırmayın... “ | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə


"Cumhuriyyət medalı" alan deputat Rəsulzadə adından qorxdu - “Məni bu məsələlərə qarışdırmayın... “

Cəmiyyət A- A A+

Ötən gün Prezident İlham Əliyevin fərmanı əsasında "Cumhuriyyətin 100 illiyi medalı" ilə təltif edilmiş bir qrub deputat və ictimai xadim arasında Modern.az saytı tərəfindən sorğu keçirilib. Sorğuda iştirak edən deputatlara bir sual verilib: "Cumhuriyyət medalı alan şəxslər cumhuriyyətin qurucusu Məhəmmədəmin Rəsulzadənin adının əbədiləşdirilməsi və heykəlinin ucaldılması məsələsini qaldıracaqlarmı?

Bu suala müxtəlif maraqlı cavablar gəib. Lakin ən maraqlı, daha doğrusu ən təəccübləndirici cavab Milli məclisin deputatı Cavid Osmanovdan gəlib. Millət vəkili "Rəsulzadəyə abidə ucaldılması məsələsini qaldıracaqsınızmı" sualına belə cavab verib:

“Məni bu məsələlərə qarışdırmayın. “Cümhuriyyət medalı”nı mənə cənab Prezident verib. Bizim fəaliyyətimizi dəyərləndirdiyi üçün Allah Prezidentimizin canını sağ eləsin. Bu təltif mənim üçün olduqca xoş oldu. Mən dövlətimizə, xalqımıza və mənsub olduğum Yeni Azərbaycan Partiyasına daim sədaqətlə qulluq edəcəm. Amma qeyd etdiyiniz mövzu mənim üçün maraqlı deyil, maraqlanmıram".

Digər ictimai xadimlər isə aşağıdakı kimi cavab veriblər:

Milli Məclisin deputatı Naqif Həmzəyev:
 

“Müstəqil Azərbaycanımız Azərbaycan Xalq Cümhuriyyərinin varisidir. Cümhuriyyətimizin 100 illiyi təntənəli şəkildə qeyd olundu. Təbii ki, Cümhuriyyətimizin qurucularının xatirələri əbədiləşdirilməlidir. Bununla bağlı sərəncam da mövcuddur. Nəinki paytaxt Bakıda, gözəl şəhərimiz Gəncədə də “İstiqlal park”ı salınıb. Cümhuriyyətimizin yaradıcılarının abidəsinin ucaldılması fikrini mən də dəstəkləyirəm. Burda qeyri-adi bir şey yoxdur və bu layihələr inanıram ki, mütləq gerçəkləşdiriləcək”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev:
 

“Mən medal alıb-almamağımdan aslı olmayaraq, bu məsələnin reallaşmasına müsbət yanaşıram. Cümhuriyyət dövründə nazirlikdən tutmuş müxtəlif ranqlı məmurlara qədər hər kəsin özünəməxsus xidmətləri olub.  Eyni zamanda,  Məhəmməd Əmin Rəsulzadənin də böyük xidmətləri olub. Onun tarixi fəaliyyəti heç vaxt, heç bir yerdə inkar oluna bilməz. Qeyd etmək istəyirəm ki, Cümhuriyyət dövrü Rəsulzadəylə bitmir. İndiki Müsavat Partiyası iddia edir ki, bunlar o dövr Müsavatın varisləridir. Ümumiyyətlə demək istəyirəm ki, bu Müsavatla o Müsavat arasında heç bir tarixi, siyasi, ideoloji bağlılıq yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasında Heydər Əliyevin təşəbbüsü ilə qeyd edilib ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Deməli biz tariximizi yaşatmalı, tarixi şəxsiyyətlərimizin abidələrinin ucaldılması üçün işlər görməliyik”.
 

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz:


“Biz əslində zamanla məsələnin qaldırılması üçün səy göstərmişik. Ümumiyyətlə,  tək Məhəmməd Əmin Rəsulzadə deyil, Cümhuriyyətin yaradılmasında səy göstərmiş şəxsiyyətlərin - Əlimərdan bəy Topçubaşovun, Həsən bəy Zərdabinin və digərlərinin də abidələri ucaldılmalıdı. Zərdabi Cümhuriyyətin yaradıcısı olmasa da, bu fikrin əsasını qoyan şəxs olub. Bu şəxsiyyətlərin hamısının adlarının əbədiləşdirilməsi lazımdır. Sadəcə, heykəl ucaltmaq deyil, adları yararsız olan neçə-neçə küçələrimiz var ki, onlara Rəsulzadə və digər cümhuriyyətçilərin adları verilsə, daha yaxşı olar. Biz, siz və digər media qurumlarının da vəzifəsi bu kimi məsələləri işıqlandırmaqdır”.
 

 “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev:
 

“Çox yaxşı haldır ki, Cümhuriyyət rəhbərlərinin irsinə, xatirəsinə hörmət dövlət siyasəti səviyyəsində aparılır. Yəni 20-30 əvvəl bu ictimai səviyyədə, müəyyən siyasi təşkilatların tərəfində aparılırdısa, bu gün Cümhuriyyətin tarixinin yaşadılması dövlət siyasəti səviyyəsində aparılır. Dövlət siyasəti səviyyəsində aparılması dedikdə medalların verilməsindən tutmuş, Cümhuriyyət qurucularının abidlərinin ucaldılmasına qədər hər şeyi nəzərdə tuturam. Xüsusilə qeyd etmək istəyirəm ki, Məhəmməd Əmin Rəsulzadəyə şəhərimizdə abidə ucaldılması çox önəmli məsələdir. Mən düşünürəm ki, abidələrin ucaldılması məsələsi də çox yaxın zamanlarda öz həllini tapacaq. Bu bizdən aslı bir şey deyil, lakin biz media qurumları olaraq məsələnin reallaşması üçün yazılarımızda və çıxışlarımızda bunu xüsusi vurğulamalıyıq. Və mən əminəm ki, cənab Prezidentimiz İlham Əliyev bu məsələnin gerçəkləşməsinə xüsusi diqqət ayıracaq”.


“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:
 

“Cümhuriyyətin 100 illiyi yüksək səviyyədə qeyd olundu. Əslində 2018-ci ilin respublikamızda “Cümhuriyyət ili” kimi qeyd edilməsi Cümhuriyyətin qurucularının şərəfinə keçirilmiş yüksək səviyyəli tədbirlərdən biri idi. Bu baxımdan düşünürəm ki, Cümhuriyyət qurucularının xatirələrinin əbədiləşdirilməsi layiqincə yerinə yetirilir. O ki, qaldı Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə abidənin ucaldılmasına, düşünürəm ki, bu məsələ də yaxın zamanlarda öz həllini tapacaq”.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...