"Dünən "Mətbuat günü"nü birtəhər yola verdik. Azərbaycan jurnalistlərini 3 yerə bölmək olar: Özünü jurnalist adlandıranlar, zorən jurnalist olanlar və əsl jurnalistlər. Bu bayramda ən çox canfəşanlıq edənlər 1-ci və 2-ci kateqoriya "jurnalistlər" oldular. Əsl jurnalistlər isə tolerantlıq zirvəsindən düşmədilər. Elə ordan müşahidə etməyiniz daha gözəldir".
Eurasia Diary xəbər verir ki, bu barədə təhsil eksperti Etibar Əliyev özünün feysbuk səhifəsində yazıb.
"Qəribədir, fizik özünü həkim, riyaziyyatçı özünü sosioloq, kənd təsərrüfatı mütəxəssisi özünü politoloq (Cümşüd Nuriyev istisna olmaqla) adlandırsa gülüş doğurar. Ancaq ADNSU-ni, Texniki Universiteti, Beynəlxalq Universiteti, Azərbaycan Dövlət Aqrar Universitetini bitirənlər özlərinə çəkinmədən jurnalist deyirlər. Halbuki "Jurnalist" peşəsi dünyada ən çətin peşələrdən biridir. Elm, təhsil, səhiyyə, İKT, sosiologiya və s. sahələr üzrə ixtisalaşmış jurnalistika məktəbləri formalaşıb. Jurnalistlər elmin populyarlaşdırılması ilə məşğuldurlar. Elm adamları ilə apardıqları müsahibələrə həsəd aparırsan. Bizdə bu peşənin sonu necə olacaq, bir Allah bilir...", - deyə E.Əliyev bildirib.