Milli Məclisin yaz sessiyasından sonra iyun və iyul aylarında növbədənkənar sessiyalarda iştirak edən deputatlar iyulun 15-dən məzuniyyətə çıxıblar.
Eurasia Diary millət vəkillərinin yay tətillərini harada keçirdikləri ilə bağlı qısa sorğu aparıb.
Deputat Elman Məmmədov bildirib ki, o, istirahət üçün xarici ölkəyə getməyib.
“Azərbaycan hər yerdən sakitdir, gözəldir. Mən hal-hazırda Goranboy rayonunun Ağcakənd qəsəbəsindəyəm. Bizim camaatımız - qaçqınlar, məcburi köçkünlər həm Xocalıdan, həm Şuşadan istirahət üçün Goranboyun bu gözəl guşəsinə gəlirlər”.
İyulun 23-də Ağdamın işğal günü ilə bağlı Ağdama gedib tədbirdə iştirak etdiyini deyən E.Məmmədov istirahət və məzuniyyət günlərini Azərbaycanın bölgələrində keçirəcəyini bildirib.
Deputat Musa Qasımlı da istirahət günlərini Azərbaycanda keçirəcəyini deyib:
“Mən istirahət günləri Azərbaycanda oluram, xaricə getmirəm. Yardımlıda və şimal bölgələrində olacam”.
Deputat Adil Əliyev də istirahət üçün xaricə getməyəcəyini bildirib. “Mən Pirşağıda dəniz qırağında istirahət edəcəm, - deyə deputat bildirib.
Deputat Məlahət İbrahimqızı isə harada istirahət etdiyini açıqlamaqdan imtina edib.
Vəfa VƏLİYEVA