Xəbər verdiyimiz kimi, KİV nümayəndələrinə müraciət edən Mətbuat Şurası öz peşə fəaliyyətinin icrası ilə bağlı hansısa çətinlik və anlaşılmazlıqla üzləşən jurnalistlərin Bakı Şəhər Baş Polis İdarəsi və Mətbuat Şurasının təmsilçilərindən ibarət monitorinq qrupuna müraciət edə biləcəyini vurğulayıb. Müraciətdə hər iki qurumun təmsilçilərinin əlaqə vasitələri yer alıb.
Belə bir monitorinq qrupunun yaradılması jurnalistlərin öz peşə fəaliyyətini sərbəst şəkildə yerinə yetirməsi baxımından nə dərəcədə önəmlidir?
Eurasia Diary xəbər verir ki, "moderator.az"a açıqlamasında məsələyə münasibət bildirən Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu baş verənlərin yenilik olmadığına diqqət çəkdi:
“Öncə onu qeyd edim ki, bu, yenilik deyil. Mətbuat Şurası bir neçə ildir ki, aksiyalarda, mitinqlərdə iştirak edən jurnalistlərin öz peşə fəaliyyətini azad, sərbəst bir şəkildə yerinə yetirməsi üçün monitorinqlər keçirir. Bu, Mətbuat Şurasının fəaliyyətinin bir hissəsidir. Şuranın İdarə Heyətinin üzvlərindən və jurnalistlərdən ibarət monitorinq qrupları mitinq və aksiyalarda iştirak edir, monitorinqlər aparırlar. Bu, iki baxımdan zəruridir. Birincisi, bu cür monitorinq fəaliyyəti jurnalistlərin öz peşələrini rahat bir şəkildə həyata keçirməyə imkan verir. İkincisi, bəzən olur ki, bu və ya digər partiya mənsubları özlərini jurnalist kimi təqdim edirlər. Onlar siyasi aksiyalara jurnalist kimi qatılır, özlərini bu adla təqdim edirlər.
Bakı Şəhər Baş Polis İdarəsi asayişin qorunmasına, Mətbuat Şurası isə jurnalistlərin peşə fəaliyyətini sərbəst şəkildə təmin etməklə məsuldur. Mətbuat Şurasının müraciətində iki şəxsin əlaqə telefonu yer alsa da, əslində monitorinq qrupunda daha çox şəxs təmsil olunub və hesab edirəm ki, monitorinq qrupunun fəaliyyəti jurnalistlərin öz peşə fəaliyyətini azad şəkildə icra etməsi baxımından faydalıdır”.