Azərbaycanın tanınmış təhsil eksperti Kamran Əsədov İstanbula köçüb.
Eurasia Diary xəbər verir ki, bu barədə o, özünün feysbuk hesabında paylaşım edib.
Hazırda Türkiyədə olduğunu bildirən K.Əsədov iş təklifini yaxın 10 gün içərisində dəyərləndirəcəyini söyləyib:
“Hələ ki burda sınaq müddətində işləyirəm, amma qəti qərarı 10 gün sonra verəcəm... Layihələr var işləməyə. Onları həyata keçirmək üçün lazımi şərait və dəstək lazımdır. O da burda var. Burdakı iş ölkəmdə gördüyüm işlə eynidir, amma əmək haqqı və dəyər daha çoxdur. Mən burda gördüyüm işləri vətənimdə nə qədər universitetə təklif etdim, Təhsil Nazirliyinə etdim, qəbul edən olmadı. Amma burda 1 günə 5 universitet qəbul etdi".
Təhsil ekspertinin sözlərinə görə, Bakını tərk etməzdən öncə öz layihələri barədə müvafiq təşkilatlara, universitetlərə təkliflər verib:
“Dedim gələnə qədər düşünsünlər. Mən dəqiq olmağı sevirəm. Burda - Türkiyədə iş 100 faiz alındı. Yəni qala bilərəm. Amma vətən vətəndir. Hələ 15 gün də burda qalacam. Ayın axırı Bakıya dönəndə gedib onlara baş çəkəcəm, qəbul etsələr ölkəmdə qalacam, olmasa da burada”.