Universitetlər təhsilhaqqını tam ödəyə bilməyənlərə hansı güzəştləri edir? - RƏSMİ | Eurasia Diary - ednews.net

20 Noyabr, Çərşənbə


Universitetlər təhsilhaqqını tam ödəyə bilməyənlərə hansı güzəştləri edir? - RƏSMİ

Cəmiyyət A- A A+

Ali məktəblərə qəbul üzrə ixtisas seçimi mərhələsinin nəticələri artıq məlumdur.

Cavablar elan olunduqdan sonra abituriyentləri maraqlandıran əsas məqamlardan biri dövlət sifarişli, yoxsa ödənişli əsaslarla təhsil almalarıdır.

Ödənişli əsaslarla təhsil almağın törətdiyi çətinliklər də az deyil. Çünki bəzi ölkə universitetləri ödənişli əsaslarla qəbul olunan tələbədən təhsilhaqqını elə qeydiyyatdan keçmək üçün müraciət etdiyi zaman tələb edirlər. Digər illərin təhsilhaqqını isə tələbə il boyu hiss-hissə ödəyə bilir.

Universitetə yeni qəbul olunan tələbədən ödənişin bütöv şəkildə tələb edilməsi onun ailəsinə də maddi sıxıntılar yaşadır.

Bu vəziyyət bəzi hallarda tələbənin ali təhsildən imtinasına gətirib çıxarır.

Bəs, belə vəziyyətlə qarşılaşan universitetlər hansı tədbirlər görür?

Eurasia Diary xəbər verir ki, mövzu ilə bağlı azedu.az-a danışan Azərbaycan DillərUniversitetinin mətbuat katibi Ağa Cəfərli bildirib ki, bu günə qədər hər hansısa tələbə universitetlərindən təhsil haqqına görə imtina etməyib.

“Rektora ərizə ilə müraciət edənlər olub. Onlar müəyyən müddət möhlət istəyiblər. Bu, əksər hallarda rektor tərəfindən müsbət qarşılanıb.

Kamal Abdullanın xüsusi qərarı var: tələbələr təhsilhaqqını il ərzində hissə-hissə ödəyə bilərlər. Hətta təhsil haqqının il ərzində 5-6 dəfəyə ödənməsinə də icazə verilir.

Dillər Universiteti bütün hallarda imkansız tələbələrin ödənişlərini qarşılamaq üçün müraciətlərə baxır və dəyərləndirir. Bunu tələbələrin dərslərinə daha çox vaxt ayıra bilmələri və özlərini inkişaf etdirçələri üçün edirik”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəsirov söyləyib ki, tələbələr universitetlərə hələ yeni müraciət etməyə başlayıblar.

“Hələ ki, hər hansı tələbənin ödənişdə çətinlik çəkməsihalı ilə qarşılaşmamışıq. Belə problem olsa, həll etməyə çalışarıq.

Əvəlki illərin təcrübəsi göstərir ki, universitetdə olan plan yerləri il ərzində 90-97 % dolur. Ona görə də hər hansısa tələbənin universitetdən imtina etməsi halı ilə qarşılaşmamışıq. Lakin bu il hələ qeydiyyat başlamadığından dəqiq fikir bildirmək də mümkün deyil”.

Bakı Slavyan Universitetinin mətbuat katibi İbrahim Quliyev qeyd edib ki, hətta universitet rəhbərliyi imkansız tələbənin ödənişinə kömək etmək məqsədi ilə ona maddi yardım da göstərib:

“Bizdə belə hallara rast gəlinib. Bu zaman tələbələr rəhbərliyə müraciət edərək təhsil haqqını ödəyə bilmədiklərini bildiriblər. Rəhbərlik həmin tələbənin pulunu şəxsən özü ödəyib.

Bu il isə hansı tələbənin ödəniş etməyə gücünün çatacağını qeydiyyat prosesi başladıqdan sonra biləcəyik”.

Bakı Mühəndislik Universitetinin mətbuat katibi Rəcəb Rza universitet yeni yarandığı üçün belə halların baş vermədiyini qeyd edib:

“Bu günə qədər hansısa tələbənin təhsil haqqını ödəyə bilməməsi ilə qarşılaşmamışıq”.

Bakı Avrasiya Universitetinin İctimaiyyətlə əlaqə və Mətbuat və İnformasiya xidmətinin rəhbəri Şəfayət Avılbəyli sözlərində ölkədə təhsil haqlarının ödənilməsi ilə bağlı müxtəlif suallar ortaya çıxdığını qeyd edib:

“Təhsil haqqını ödəyə bilməyən tələbələr bizə müraciət edirlər. Onlar facebook və instagram üzərindən bizə yazaraq problemlərini deyirlər. Bu məsələlərlə maraqlanırıq.

Universitetin əsasnaməsinə uyğun olaraq, tələbələr təhsil haqqını  hissə-hissə də ödəyə bilərlər.

Tələbənin müraciətinə baxır və uyğun güzəştlər edirik.

Prezidentin sərəncamına əsasən şəhid ailələrinin, müharibə əlillərinin övladlarına  təhsil haqqının ödənilməsində müəyyən güzəştlər olunur. Bu, həmçinin ailə başçısını itirən ailələrin övladlarına da şamil olunur”.

Azərbaycan Universitetinin mətbuat katibi Leyla Dilanova universitetlərində qeydiyyatın 15-27 avqust tarixlərində baş tutacağını  vurğulayıb:

“Ötən ilin təcrübəsinə əsasən, deyə bilərəm ki, birinci tədris ilində təhsil haqqı tam şəkildə ödənilir. Növbəti kurslarda isə tələbələr onu iki hissəyə bölərək ödəyir. Bunlar müvafiq olaraq 15 sentyabr 15 fevral tarixlərini əhatə edir. Təhsilhaqqını bütöv şəkildə ödəyə bilməyən valideynlər isə ərizə ilə Sənəd Qəbulu Komisiyasına müraciət edirlər  və məsələyə ətraflı şəkildə baxılır. Əksər hallarda məsələ tələbənin xeyrinə həll olunur”.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...