Polisə çağırılan zaman BUNLARI ETMƏLİSİNİZ - Məlumatlı olun! | Eurasia Diary - ednews.net

23 Oktyabr, Çərşənbə


Polisə çağırılan zaman BUNLARI ETMƏLİSİNİZ - Məlumatlı olun!

Cəmiyyət A- A A+

Əksər insanların öz hüquqlarını yaxşı bilməməsi zaman-zaman müəyyən problemlərlə üzləşməsinə yol açır.

Xüsusən də məhkəmə işlərində bu hüquqlar barədə məlumatsız olmaq vətəndaşa əlavə qorxu və stress yaşadır. Stress yaşadan amillərdən biri də vətəndaşın polis tərəfindən tutulmasıdır.

Bəs görəsən, polis və digər dövlət orqanları tərəfindən saxlanıldıqda nələri bilmək lazımdır?

Eurasia Diary bildirir ki, məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov redaktor.az-a məlumat verib.

Onun sözlərinə görə, polisə çağırılarkən vəkillə getmək ilk addım olmalıdır. Vətəndaşın vəkili yoxdursa, o zaman aşağıdakı qaydalara əməl etməlidir:

“1. Polisə telefonla çağırılarkən həmin şəxsin özünü təqdim etməsini, nə ilə əlaqədar və hansı polis idarəsinə çağırıldığınızı dəqiqləşdirmək vacibdir;

2. Polis orqanına daxil olan vaxtı yadda saxlamaq lazımdır;

3. Vətəndaş tutulan halda tutulma haqqında və ya qətimkan tədbirinin seçilməsi haqqında qərarın surətini tələb etməlidir;

4. Tutulma haqqında protokol tərtib olunduqdan dərhal sonra onunla tanış olmaq və oradakı qeyd yerinə müvafiq qeydlərii yazmaq əhəmiyyətlidir (yəni, etirazı, verilən ifadə ilə yazılanlar arasında ziddiyyətləri və s.);

5. Vətəndaş tutularkən yaxınlarına və qohumlarına xəbər vermək hüququnun olduğunu unutmamalıdır;

6. Vətəndaş özünə və yaxın qohumlarına qarşı ifadə verməkdən (izahat) və ya ümumiyyətlə, ifadə verməkdən imtina edə bilər;

7. Ana dili və ya başqa dildə, hətta tərcüməçinin köməyindən pulsuz istifadə etməklə, ifadə verilə bilər;

8. Etirazlar etmək və vəsatətlər vermək vətəndaşın hüququdur”.

R. Qaraşov vurğulayıb ki, vətəndaşın müdafiəçi qismində seçdiyi vəkil varsa, o gələnədək  (6 saatdan gec olmamaqla ) heç bir istintaq hərəkəti aparılmamalıdır:

“Eyni zamanda cinayət işinin başlanmasına dair qərar  tutulan andan  24 saat keçənədək  qəbul olunmazsa, tutulan şəxs polis və digər dövlət orqanları tərəfindən azad edilməlidir. Azad olunmuş şəxs həmin şübhəyə görə yenidən tutula bilməz. Sadəcə 48 saat keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o məhkəməyə gətirilməlidir. Məhkəmə təxirəsalmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır”.

Əsas məsələlərdən biri budur ki, şəxsin qanunsuz tutulması cinayət məsuliyyətinə səbəb olur:

“Vətəndaş qanunsuz tutulma ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və dövlət orqanında tutulma zamanı zorakılıq, işgəncəyə məruz qalıbsa, İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) qaynar xəttinə  müraciət edə bilər. Qaynar xəttlə əlaqə  üçün 050-370-98-96 nömrəsinə zəng vurmaq mümkündür”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...