Cəzaçəkmə müəssisələrində viruslu hepatitlər mövzusunda ictimai maarifləndirmə tədbirləri yekunlaşdı - FOTOLAR | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Cəzaçəkmə müəssisələrində viruslu hepatitlər mövzusunda ictimai maarifləndirmə tədbirləri yekunlaşdı - FOTOLAR

Cəmiyyət A- A A+

İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə 4 ayı əhatə edən “Əhali arasında viruslu hepatitlər mövzusunda ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəsini yekunlaşdırdı.

Bu barədə Eurasia Diary-ə təşkilatın sədri, layihə rəhbəri Ziba Nəbiyeva məlumat verib.

Layihə rəhbəri bildirib ki, önləyici profilaktik tədbirlərin keçirilməsi və müvafiq məlumatlandırmanın aparılması yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqda mühüm rol oynayır. Bu baxımdan təşkilatımız təhlükəli yoluxucu xəstəlik sayılan viruslu hepatitlərlə mübarizədə Ümumdünya Səhiyyə Assambleyasının “Qlobal Strategiya” proqramına və dövlətimizin sosial yönümlü siyasətinə dəstək olaraq vətəndaş cəmiyyəti təşəbbüslərinin gücləndirilməsi məqsədilə adı çəkilən layihəni icra etmişdir.

Layihə çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin qadınlar üçün 4 saylı, kişilər üçün 6 saylı cəzaçəkmə müəssisələrində və yeniyetmələr üçün tərbiyə müəssisəsində viruslu hepatit xəstəlikləri barədə maarifləndirici tədbirlər keçirilmişdir. Məhbuslara hepatit nədir, viruslu hepatitlərin növləri və onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər barədə geniş məlumatlar və tövsiyələr verilmişdir. Məlumatları tədbir iştirakçılarına layihə rəhbəri Ziba Nəbiyeva elektron təqdimat və animasiya çarxları vasitəsilə çatdırmışdır.

İnteraktiv şəkildə aparılan tədbirlərdə həkim, qastroenteroloq-hepatoloq Rəşad Həsənov, terapevt-hepatoloq Nuranə İsabalayeva və həkim funksionalist, Samirə Muxtarova mövzuyla bağlı çıxış edərək viruslu hepatitlərlə yanaşı gedən digər yoluxucu xəstəliklər və koinfeksiyalar, zərərli vərdişlərin xəstəliklərin gedişatına və ümumilikdə, orqanizmə mənfi təsiri haqqında məlumat vermişlər. Məhbusların sualları dinlənilmiş və həkimlər tərəfindən cavablandırılmışdır.

Ümumilikdə, 400 nəfərdən çox məhbus qadın və kişi, həmçinin 40 nəfər yeniyetmə oğlan mövzuyla bağlı məlumatlandırılmış və həkimlər tərəfindən müvafiq məsləhətlər almışlar.

Məhbuslar arasında maarifləndirmənin davamlığını təmin etmək və əhatə dairəsini genişləndirmək məqsədilə layihə çərçivəsində xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları və xəstəlikdən qorunma üsulları əks olunan  1000 ədəd çap materialı və 3 ədəd stend PX CM-lərinə təqdim olunmuşdur. Həmçinin, təşkilat tərəfindən layihəyə töhfə olaraq yeniyetmə məhbuslara hədiyyələr - ağız gigiyenası üçün vasitələr paylanılmışdır.

Tədbirlərdə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin baş inspektorları, tibb xidməti mayoru Elnur Məmmədov və Fərman Fərmanov, Penitensiar xidmətin yeniyetmələr üçün tərbiyə müəssisəsinin rəisinin tərbiyə işləri üzrə müavini, ədliyyə kapitanı Elçin Orucov,  6 saylı cəzaçəkmə müəssisəsinin rəisinin tərbiyə işləri üzrə müavini, ədliyyə polkovnik-leytenantı Çingiz Əhmədov, 4 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı Sevda Zamanova, 4 saylı CM TSH-nın rəisi, tibb xidməti mayoru Nərgiz Abdullayeva, 6 saylı CM TSH-nin rəisi, tibb xidməti mayoru Əziz Salmanov, YM TSH-nın rəisi, tibb xidməti mayoru Zaur Mirzəyev, digər məsul işçilər və “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nın əməkdaşları iştirak etmişlər.

Əhali arasında məlumatlandırma, həmçinin təşkilatın  FB sosial şəbəkə səhifəsindən  https://www.facebook.com/WIDQT/ aparılmışdır. Hepatit A, Hepatit B və D, Hepatit C virusları barədə hazırlanmış maarifləndirici qısa video çarxlar sosial şəbəkədə geniş səkildə paylaşılmışdır.

Layihə çərçivəsində hazırlanan maarifləndirici məlumatların əhatəliliyi və təqdimat formatı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri və Tibb Baş İdarəsinin məsul nümayəndələri, həmçinin həkim-ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...