Bu gün Türkiyənin Erciyes Universitetinin Erməni Araşdırmalar Bölümü başqanı, azərbaycanlı alim Qafar Çaxmaqlı Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) ziyarət edərək, təşkilatın prezidenti Umud Mirzəyevlə görüşüb.
Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, eləcə də Erciyes Universitetinin Erməni Araşdırmalar Bölümü ilə əməkdaşlıq formaları müzakirə edilib. Q.Çaxmaqlı əməkdaşlıq istiqamətində malik olduğu imkanları qeyd edib.
BAMF-ın prezidenti Umud Mirzəyev qonağa Fondun fəaliyyət istiqamətləri, beynəlxalq arenadakı fəaliyyəti və eləcə də müharibədən əziyyət çəkmiş rayonlarda uğurla həyata keçirilən layihələr barədə məlumat verib.
Q.Çaxmaqlı BAMF-ın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində, o cümlədən beynəlxalq təşkilatlarla uğurlu dialoqun qurulmasında, regional əhəmiyyət daşıyan birgə layihələrin icra olunmasında oynadığı rolu yüksək qiymətləndirib.
Qeyd edək ki, ermənişünas alimlə BAMF-ın nəzdində fəaliyyət göstərən Eurasia Diary Beynəlxalq Analitik İnformasiya Portalında mütəmadi olaraq Qarabağ mövzusunda ekspert kimi çıxış etməsi barədə də razılıq əldə olunub.
Yeri gəlmişkən, sabah Azərbaycanlı jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlının 63 yaşı tamam olur. BAMF kollektivi onu doğum günü münasibətilə təbrik edir, elmi fəaliyyətində uğurlar diləyir.