"Hər il ölkəmizdə keçirilən buraxılış və qəbul imtahanlarından sonra yetərli bal toplaya bilməyib ali məktəbə qəbul ola bilməyənlər xarici ölkələrə üz tutur. Vətənimizin gənclərinin təhsil almaq üçün gəldiyi ölkələrdən biri də qardaş Türkiyədir".
Eurasia Diary xəbər verir ki, bunu hazırda iş üçün İstanbula köçmüş Azərbaycanın təhsil üzrə tanınmış eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, hardasa 15 minə yaxın soydaşımız qardaş ölkəyə təhsil ardınca gedib.
"Bu onların hüququdur. Amma məsələnin digər tərəfi var. Bildiyimiz kimi, ölkəmizdə şagirdlər orta məktəbi bitirəndən sonra attestat alırlar. Amma müəyyən qədər attestatı ala bilməyənlər olur. Onlar sonra saxta attestat ilə xarici ölkələrdə təhsil almağa üz tutur və 4 il sonra diplom alıb gəlib ölkədə bu dıplomu tanıtdırırlar.
Təsəvvür edin ki, orta məktəbi bitirməyən ali təhsil diplomu ilə gəlir. Ona görə də, Təhsil Nazirliyi diplomu tanıyarkən müracət edənin orta məktəbi bitirməsi məsələsini də araşdırmalıdır. Türkiyə universitetləri bizim müracət edənlərin saxta sənəd, imtahan nəticəsi təqdim etməsindən beziblər", - deyə ekspert bildirib.