"Mənə FETÖ-çü deyənlər bunu sübut etməsələr, namussuzdurlar" | Eurasia Diary - ednews.net

22 Sentyabr,


"Mənə FETÖ-çü deyənlər bunu sübut etməsələr, namussuzdurlar"

Cəmiyyət A- A A+
"Fazil Mustafa özündən arxayındırsa, sübut istəyirsə, Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət eləsin”. 
 
Bu sözləri "Yeni Sabah"a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. 
 
Xatırladaq ki, ADP sədri millət vəkili Fazil Mustafanı FETÖ ilə əlaqədə ittiham edib. Fazil Mustafa isə "Sərdar Cəlaloğlu bunu sübut etməsə, namussuzdur”, - deyə ona sərt cavab verib.
 
Sərdar Cəlaloğlu bildirib ki, bu məsələni mediada müzakirə etmək niyyəti yoxdur: "Dövlət var, dövlətin müəyyən qurumları var. Buyursun DTX-ya müraciət etsin, məni də çağırsınlar, bildiklərimi deyim. Fazil Mustafa bunu eləmək əvəzinə, millət vəkilinə yaraşmayan tərzdə danışır, namus söhbəti edir. İndi mən də durum deyim ki, mənim PKK ilə əlaqələrimi sübut etməyən namussuzdur? Axı belə olmaz. Bu, bizə yaraşmaz”.
 
ADP sədri əlavə edib ki, o, özü Fazil Mustafa ilə bağlı DTX-ya müraciət emək istəyib. Lakin müavinləri onu fikrindən daşındırıb: "Bu adam Azərbaycanın tarixi şəxsiyyətlərini, xüsusilə Şah İsmayıl Xətaini aşağılamaqla məşğuldur. Mən də DTX-ya müraciət etmək istəyirdim ki, onun FETO ilə əlaqələrinin olub-olmadığı araşdırılsın. Amma müavinlərim bildirdi ki, Fazil Mustafa yanlışlığa yol verdiyini etiraf edib, deyib ki, gərək Şah İsmayılla bağlı müzakirələri akademik səviyyədə aparaydım. Bir növ geri çəkilib. 
 
Ona görə mən də DTX-ya müraciət etməkdən vaz keçdim. Amma indi görürəm ki, məni təhqir edir”. 
 
Sərdar Cəlaloğlu PKK ilə əlaqələri barədə iddialara da aydınlıq gətirib. ADP sədri bildirib ki, PKK təmsilçiləri ilə görüşü 1992-ci ildə olub: "Onlar mənimlə görüşməzdən əvvəl Azərbaycanın bir çox siyasətçiləri ilə görüşmüşdülər. Özü də mən görüş zamanı bilmişəm ki, onlar PKK-nın nümayəndələridir. Azərbaycanda yaşayan kürdləri ermənilərlə vuruşmaqdan çəkindirməyə gəlmişdilər. 
 
Mən də onlara dedim ki, erməni türkə, kürdə, talışa, ləzgiyə fərq qoymur. Kim müsəlmandırsa onu özünə düşmən sayır. Təsadüfi deyil ki, 20-ci əsrin əvvəllərində baş verənlər də erməni-müsəlman davası kimi tarixə düşüb. Bundan sonra onlar dediklərinə təəssüf etdilər və geri qayıtdılar. Bu məsələ gündəmə gələndə mən DTX-ya müraciət etdim, PKK ilə əlaqələrim varsa, çıxarıb qoysunlar ortaya”.
 
Eurasia Diary xəbər verir ki, deputat Fazil Mustafa özünün feysbuk hesabında S.Cəlaloğluna aşağıdakı cavabı verib:
 
"Budur bax, bütün böhtançılar beləcə özlərini ifşa edirlər. Neçə müddətdir böhtanlarını sağa-sola dağıdırlar və deyirlər ki, ittihamlarımı sübut edərəm. Qarşılarına şərt qoyanda ki, sübut etməsən namussuzsan, o zaman mövzudan yayınmağa çalışırlar. Mən adama deyirəm ki, PKK-çı ilə görüşmüsən, adam özü də etiraf edir ki, bəli görüşmüşəm. Ardınca deyirəm ki, ondan vaxtilə təlimat aldığını ehtimal edirəm. Yəni "sübut edərəm" demirəm, "ehtimal edirəm" deyirəm. Sənsə mənə "sübut edərəm" deyirsən. Mənim "ehtimalım" subyektiv mülahizədir, sənin "sübut etmən" hüquqi iddiadır. Bu fərqi anlamayacaq bir cahilin mənimlə mübahisədə nə işi var? Yenə də deyirəm, mənə bu vaxta qədər "FETÖ"çü deyənlər, o cümlədən Sərdar Cəlaloğlu da sübut etməsələr, namussuzdurlar. Olmayan bir şeyi necə sübut edəcəklər? Ardınca hələ mənə yol da göstərir. Deyir ki, özü MTN-ə müraciət etsin, bu da gedib orada əleyhimə ifadə versin. Yenə də hüquqi savadsızlıq ortaya qoyur. Təqsirsizlik prizumsiyası deyilən termindən xəbəri yox. İttiham olunan şəxs özü təqsirsizliyini sübuta yetirməliymiş sanki.. Buyur MTN-ə, Türkiyə MİT-nə, Rusiya FSB-nə müraciət elə, əksinə mən gedim ortaya qoyum ki, bu böhtanlar hansı ölkənin mətbəxində hazırlanıb tirajlanır və Sərdar Cəlaloğluna da məhz bu ifadəni işlətməyi niyə həvalə ediblər. Elmdə nisbilik nəzəriyyəsini biologiyaya qatıb Gülümsərovluq etmək onsuz da bir utancverici davranışdır, üstəlik böhtançılıqla məşğul olmaq insana heç şərəf gətirməz".

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...