"Zalı bağlayıb mismarladıq... Bir tələb var idi: - Universitetin adı dəyişdirilib M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti olsun!" | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


"Zalı bağlayıb mismarladıq... Bir tələb var idi: - Universitetin adı dəyişdirilib M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti olsun!"

Cəmiyyət A- A A+

Bakı Dövlət Universitetinin 100 illik yubileyi hamımız üçün böyük bir bayramdır!!! Mən bu universitetə daxil olanda onun adı Sergey Mironoviç Kirov adına Universitet idi. Bizi birinci kursda, sentyabrın 1-də Kirovun heykəlinin yanına aparıb and içdirdilər. Görün bizi nə günə qoymuşdular.

O zamanlar ən müqəddəs yerlərimizdən biri “26 Bakı Komissarı”nın dəfn olunduğu park, o biri də Kirovun heykəli idi. Kirova Dağüstü parkda elə bir heykəl qoymuşdular ki, sanki bizim dövlətçiliyimizin xilaskarı idi. Azərbaycanı qana boyayan bir manyaka bu cür təmtəraqlı heykəli Azərbaycand kommunistləri qoymuşdu. Azərbaycanı qan dəryasında boğan insanları bizim and yerlərimizə çevirmişdilər. Tarix kitablarında onlar haqqında yalnız qəhrəman kimi oxumuşduq. Rəsulzadə və dostları isə Vətən xaini kimi təqdim olunmuşdu.

Maraqlıdır ki, bizə onları qəhrəman kimi təqdim edənlər hələ də vəzifələrdə oturub, Universitetlərdə dərs deyirlər, çoxları da millət vəkilləridirlər. Bəli, biz S.M.Kirov adına ADU-ya daxil olduq. Universitetin içərisində bu Azərbaycan düşməninin böyük heykəli qoyulmuşdu. Hər tərəf onun şəkilləri ilə dolu idi. İlk gündən bu heykəl, bu şəkillər bizi qıcıqlandırırdı. 1988-ci ildə başlayan hərəkat bizə qüvvət verdi. Universitetin adını dəyişdirmək, bu heykəli oradan rədd eləmək, Kirovun şəkillərini oradan yığışdırmaq bizə asan başa gəlmirdi. Hər addımda bizə qarşı çıxan kommunistlər, komsomolçular dərimizi soymağa hazır idilər. Amma basardıq. Universitetin adını dəyişdirdik...

Biz Universiteti bitirəndə diplomumuza M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti yazıldı. Universitetin içərisində Kirovun heykəlinin yerində Rəsulzadənin büstü qoyuldu. Bayırda da onun heykəlini ucaltmaq üçün daş plitə qoyuldu. Amma çox çəkmədi ki, Universitetin adından M.Ə.Rəsulzadənin adı çıxarıldı. Onun heykəlini də götürdülər. Daş plitə də elə oradaca necə qoyulmudusa, elə də qaldı. Maraqlıdır ki, başı bir-biri ilə didişməyə qarışan Milli Hökumət də orada Rəsulzadənin heykəlini ucaltmadı. Biz Universitetə M.Ə.Rəsulzadənin adını zorla verdirdik. Çünki universitetin adını da zorla dəyişdirmişdik. O zaman Universitetin Böyük Elmi Şurasının keçirildiyi zalı bağlayıb mismarladıq. Bayırada da minlərlə tələbə... Hünəriniz var, bayıra çıxın... Bir tələb var idi: Universitetin adı dəyişdirilib M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti olsun!!! İstədiyimizə nail olduq!!!

Bizə qarşı çıxan kommunistlər, komsomolçular sanki Lenin doğma övladları idi. İndi o zamanlardan çox keçibdir. Universitet yüz illiyini qeyd edir. Amma adında Rəsulzadə adı olmadan... Bəziləri deyir ki, Universitetlərə insan adı vermək düzgün deyil... Hesab edirəm ki, atdıqları addıma don geyindirirlər. Çünki Avropada da, ABŞ-da da, qardaş Türkiyədə də insanların adlarına Universitetlər vardır. BDU-nu bitirən çoxlu sayda insanlar vardır ki, onlar yüksək vəzifələrdə təmsil olunur, bəziləri də millət vəkilləridirlər. Görəsən onlar həmin daş plitəni görmürlərmi? Bu millət vəkillərindən bəziləri millətə “dərs” verirlər. Nə əcəb, BDU-ya M.Ə.Rəsulzadənin adının qaytarılmasını düşünmürlər? Bunun bir cavabı vardır: Biz hələ də kommunist təfəkküründən xilas ola bilməmişik!!!

Bununla belə, sonda yenə də BDU-nun yüz illiyinin təbrik edirəm. Qürur duyuram ki, bu təhsil ocağının adının dəyişdirilməsində aktiv iştirakçı olmuşam. Qürur duyuram ki, universitetin tarixi adının dəyişdirildiyi anda Tarix fakültəsində oxumuşam və Tarix fakültəsinin Elmi Şurasının həmin tarixi iclasında iştirak etmişəm!!! Bayramın mübarək, M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti!!!

Dilavər Əzimli,

AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...