Paytaxt yollarında nəqliyyatın və əhalinin rahat, təhlükəsiz hərəkətini təmin etmək ən vacib şərtlərdəndir. Bunun üçün Bakının bir çox yerlərində yerüstü və yeraltı keçidlər istifadəyə verilib.
Lakin paytaxtın bəzi küçə və prospektlərində quraşdırılan yerüstü piyada keçidlərində anti-sanitariya vəziyyəti hökm sürür. Məhz bu səbəbdən piyadalar keçidlərdən istifadə etmirlər.
Qaradağ rayon Müşfiqabad qəsəbəsində bir ildir istifadəyə verilən yerüstü keçid də belədir. Üfunət qoxan bu keçiddən keçmək mümkün deyil. Keçiddəki üfunətə səbəb isə adamların oranı ayaqyolu kimi istfadə etməsidir. Maraqlıdır ki, bununla heç bir tədbir görülmür.
Bakının Səbail rayonu, Salyan Yolu küçəsindəki yerüstü keçiddəki gördüklərimiz isə onu göstərir ki, Avtomobil Yolları Dövlət Agentliyi heç prezidentin keçdiyi küçələrdə də öz funksiyasını yerinə yetirmir. Belə ki, dövlət və hökumət nümayəndələrinin rayonlara səfər edərkən keçdiyi bu yoldakı yerüstü keçid zibilliyi xatırladır. Sözügedən küçədə, “1001 gecə” istirahət mərkəzinin 30 metrliyində yerləşən bu yerüstü keçid bəlkə də illərlə təmizlənmir.
Bundan başqa, “Dövlət Bayraq Meydanı” və “Səbail Meydanı” ilə üzbə-üz yerləşən yeraltı keçidlərdə mütəmadi olaraq eskalatorların işləmədiyi müşahidə olunur.
Bütün bunlar isə paytaxt sakinlərinin və qonaqlarının narazılığına səbəb olur.
Əməkdaşımızın çəkdiyi bəzi görüntüləri təqdim edirik. Ümid edək ki, AAYDA qeyd olunan ünvanlarda da təmizlik və təmir işləri aparacaq.
Leyla Qəniyeva