"Bu zəfər Türkiyə-Azərbaycan qardaşlığının simvoludur” - Türkiyə qaziləri Bakıdakı Türk Şəhidliyini ziyarət etdi | Eurasia Diary - ednews.net

21 Noyabr, Cümə axşamı


"Bu zəfər Türkiyə-Azərbaycan qardaşlığının simvoludur” - Türkiyə qaziləri Bakıdakı Türk Şəhidliyini ziyarət etdi

Cəmiyyət A- A A+

Bu gün Türkiyə Müharibə Qaziləri Dərnəyinin nümayəndələri Azərbaycan qaziləri ilə birlikdə Bakıdakı Türk Şəhidliyini ziyarət edib.

15 sentyabr Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsi münasibətilə təşkil edilən ziyarətdən sonra dərnəyin İstanbul – Böyükçəkməcə başqanı, Kipr müharibəsi qazisi, təqaüddə olan hərbi dəniz qüvvələrinin baş giziri Selçuk Eker Eurasia Diary-ə ekskluziv açıqlamalar verib.

  

O, Bakıdakı Türk Şəhidliyində keçirdiyi qürur hissini belə izah edib:

“Mən Kipr Sülh Hərəkatına iki dəfə, 1964 və 1973-cü illərdə qatılmışam. 1973-də qatıldığım əməliyyatda xidmət etdiyim gəmi batmaq təhlükəsi ilə qarşı-qarşıya idi. Və mən gəmini xilas edən zabitlərdən biri olduğum üçün hər zaman qürur duymuşam. Bu gün burada, Bakıdakı Türk Şəhidliyində yenidən əcdadım, əcdadımızla qürur duydum. Bizim əcdadımız, (yəni Azərbaycan türkəri ilə Osmanlı türkləri) birgə, çiyin-çiyinə vuruşaraq bu vətən uğrunda şəhid olmuş, qazi olmuş və qan tökmüş, nəticədə şanlı bir zəfər qazanmışlar. Bu zəfər məni həyəcanlandırır və qürurlandırır. Bu zəfər, Türkiyə-Azərbaycan qardaşlığının simvoludur”.

S.Eker Azərbaycanın türklər üçün vətən olduğunu vurğulayıb:

“Bilirsiniz ki, mən və buradakı dostlarım, yoldaşlarım Kipr hərəkatında vuruşub, qazi olmuşuq. O zamanlarda bizim əməliyyatımız “körpə vətən” Kipri işğaldan azad etmək və orada sülhü təmin etmək məqsədi daşıyırdı. Buraya gələrkən anladım ki, sən demə atalarımız da eynən bizim kimi körpə vətən Azərbaycana sülhü və sabitliyi gətirmək üçün gəlmiş, vuruşmuş və zəfər çalmışdır. Bakıda insan bir daha başa düşür ki, Kipr nə qədər türklər üçün vətəndirsə, Azərbaycan da bir o qədər türkərin vətənidir.

Həm Çanaqqalada, həm Atatürk dönəmindəki istiqlal savaşlarında, həm Kipr hərəkatında, yəni hər zaman Türkiyə Azərbaycanın, Azərbaycan xalqının dəstəyindən, yardımından, duasından məhrum olmayıb. Biz, dövlətimizin ən çətin anlarında hər zaman Azərbaycan xalqının dəstək və məhəbbətini hiss etmişik. Azərbaycan xalqının çox ayrı bir türk sevgisi, tam fərqli bir Atatürk məhəbbəti var. Bu sevgi, bu dəstək, bu dostluq üçün bir türk qazisi olaraq Azərbaycan xalqına sonsuz təşəkkürlərimi və minnətdarlığmı çatdırmaq istəyirəm. Azərbaycan türklərinə və Azərbaycan torpağına olan sevgimizin hüdudu yoxdur” – deyə S.Eker əlavə edib.

Nicat İSMAYILOV

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...