Vətənsizliyin 26-cı sinfində oxuyanlar - Qarabağın ağ-qaralı “Bilik günü” - VİDEO | Eurasia Diary - ednews.net

17 Oktyabr, Cümə axşamı


Vətənsizliyin 26-cı sinfində oxuyanlar - Qarabağın ağ-qaralı “Bilik günü” - VİDEO

Cəmiyyət A- A A+

Bir zamanlar oralarda da Bilik günü qeyd olunardı. İndiki kimi 15 sentyabrda olmasa da, 1 sentyabrda bütün Qarabağ məktəbləşərdi; sinif otağına, məktəb dəhlizlərinə çevrilərdi.

Çünki Qarabağın əsl ruhunu özündə daşıyan el ağsaqqalları müəllimlər, bulaqsulu gözlərinə sevinclə təşvişi bir araya yığan şagirdlər o dəhlizlərə, o sinif otaqlarına elə Qarabağın özünü gətirərdilər....

Qarabağ yaylaqdan sinif otaqlarına köçərdi...

O yurdun, o elin bulaqgözlü insanları üçün bəlkə də Bilik günü elə bu köçün özü idi...

Kiçik video çarx... Gözlərimizin önündə Qarabağın ayrı-ayrı yerlərində-Laçında, Kəlbəcərdə, Ağdamda, Zəngilanda... ilk dərs günü çəkilən fotolar canlanır... Ağ-qara fotolardan boylanır bizə Qarabağ... Ağ-qara içindən hopub, Qarabağın özü boyda böyüyür bir ağrı...

Bir zamanların ən bəxtəvər insanlarının ilk dərs günündə çəkdirdiyi fotolardakı gülüşlər indi onlardan çox inciyib. Həmin gülüşlər o fotolardan çıxıb Qarabağ boyda ağrılaşır.

Aralarında sağ qalanları da var, dünyalarını dəyişənləri də... Qarabağlaşan ağrı həmin fotoların “sağ övladlarının gözlərinə dolur, ruhuna hopur...

Ağ-qara fotoların övladları indi böyüyüb, ağ-qara saçlı dəstələrə ayrılıblar... Amma hamısı indi də bir yerdə oxuyurlar: Vətənsizlik məktəbinin, yurdsuzluq dərdinin 26-cı sinfində...

Bu “məktəb”dəki imtahanın ağırlığı nə boydadır, bunu ancaq 26 ildir ki, eyni sinifdə oxuyanlar deyə bilərlər...

“Bu qədər də sinifdə qalmaqmı olar?” deyib, səbirsizliklə məzun olacaqları günlərini gözləyirlər...

Reallıq da budur ki, onlar artıq 26 ildir  (bəziləri 27 il) bu sinifdədirlər... Başqalarından fərqi olaraq onların “Bilik günləri” ildə bir neçə dəfə olur... (Azedu.az)

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...