Millət vəkili həyacan təbili çaldı - "Uşaqlar arasında skalioz və kifozların sayı artır" | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Millət vəkili həyacan təbili çaldı - "Uşaqlar arasında skalioz və kifozların sayı artır"

Cəmiyyət A- A A+

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin səhiyyə komitəsində cəmiyyətimizi narahat edən bir sıra problemlərlə bağlı təkliflərlə çıxış edib.

Eurasia Diary xəbər verir ki, deputat yay müddətində və yeni dərs ili ərəfəsində seçki bölgəsində, məktəblərdə keçirdiyi görüşləri zamanı məktəbyaşlı uşaqlar arasında skalioz və kifozların sayının artmasının müşahidə olunduğunu vurğulayıb:

"Bu bizi çox narahat etməlidir. Böyüyən uşaqlar arasında skalioz və kifozların sayının artması onlarda gələcəkdə bir sıra xəstəliklərin əsasını qoyur. Seçki bölgəsində keçirdiyim görüşlər zamanı skalioz və kifozdan əziyyət çəkən uşaqların müalicəyə cəlb olunmasına çalışmışıq, lakin onun müalicəsi kifayət qədər vaxt və vəsait tələb edir. Bəzən isə heç nəsə etmək mümkün olmur, əməliyyat etmək lazım olur, bu isə çox ağrılı proses olur. Ona görə MM-in elm və təhsil komitəsini və səhiyyə komitəsini Səhiyyə və Təhsil nazirliklərinin nümayəndələrini dəvət edərək məktəbyaşlı uşaqlar arasında skalioz və kifoz hallarının artması məsələsini birgə müzakirə etməyə, skalioz və kifozların artmaması istiqamətində nələr edilməlidr, skalioz və kifozun gələcəkdə uşaqların həyatına ciddi təhlükə törətməsinin qarşısını almaq məqsədilə skalioz və kifozdan əziyyət çəkən uşaqların  müalicəyə və müayinəyə cəlb edilməsi kimi məsələləri müzakirə etməyə çağırıram".

Q.Paşayeva  unun zənginləşdirilməsi məsələsinə xüsusi diqqət yetirməyi təklif edib:

"Bir sıra xarici ölkələrdə anemiyanın qarşısının alınması məqsədilə unun zənginləşdirilməsinə xüsusi diqqət yetirilir. Ölkəmizdə anemiyadan əziyyət çəkənlərin sayı artmaqdadır, hamilə qadınlarda və yeni doğulacaq uşaqlarda anemiya halları artmaqdadır, bunun qarşısının alınması üçün unun zənginləşdirilməsi məsələsinə xüsusi diqqət yetirilməlidir. Hesab edirəm ki, bu məsələnin ciddi şəkildə həllinin tapması vacibdir və komitə tərəfindən aidiyyəti qurumlara müraciət edilməsinə, məsələnin həll edilməsinə ehtiyac var".

Millət vəkili eyni zamanda "Reproduktiv sağlamlıq haqqında" qanunun payız sessiyasında qəbulunun vacibliyini qeyd edib:

"Yüzlərlə sonsuzluqdan əziyyət çəkən ailələr bu qanunun qəbulunu gözləyirlər, ona görə də bu qanunun payız sessiyası zamanı qəbul edilməsinə çağırıram".  

Q.Paşayeva deyib ki, ictimai yerlərdə tütün məmulatlarından istifadənin qadağan edilməsi haqqında yüksək səviyyəli qanunun qəbul edilməsinə baxmayaraq, qanunun icrası ilə bağlı ciddi problemlər var:

"Çox yerdə hələ də bu qanunun tələbləri yerinə yetirilmir. Bu istiqamətdə müvafiq qurumlarla, bu qanunun icrasına məsuliyyət daşıyan qurumlarla bu qanunun yüksək səviyyədə həyata keçməsi üçün müzakirələrin aparılmasına ciddi ehtiyac var. Bu, əhalinin, gənclərin sağlamlığı ilə bağlı bir məsələdir. Ona görə də hesab edirəm ki, qanunun həyata keçməsinə məsuliyyət daşıyan qurumlar qanunun icrasına nəzarət edilməsinə ciddi  yanaşmalı və qanunun həyata keçməsinə çalışmalıdırlar."

Xanım deputat antibiotiklərin həkim resepti olmadan satılması məsələsini bir daha qaldırıb, antibiotiklərin reseptsiz satılmasının gələcəkdə səbəb ola biləcəyi fəsadları vurğulayaraq bununla bağlı təkrar müzakirələrin aparılmasını təklif edib.

O, həmçinin bildirib ki, səhiyyə komitəsində hazırlanan "İnsan orqanlarının donoru və transplantasiyası haqqında" qanunun payız sessiyasına çıxarılaraq müzakirə olunaraq qəbul olunması vacibdır:

"Reproduktiv sağlamlıq haqqında" qanun kimi, bu qanunun da payız sessiyasında qəbulu çox vacibdir, çünki gələn ildən icbarı sığorta haqqında qanunun qüvvəyə minməsi ilə əlaqədar bu məsələlərin qanunvericilklə tənzimlənməsi çox vacibdir."

Q.Paşayeva əhalinin sağlamlığı, tibb sahəsində qəbul edilən qanunlarla bağlı əhalinin tibbi maarifləndirilməsinin vacib olduğunu deyib. Səhiyyə komitəsində mətbuat və media qurumlarını dəvət edərək tibbi maarifləndirmənin genişləndirilməsi məqsədilə mətbuat və media qurumları ilə birlikdə nələr edilə bilər mövzusunda dinləmələrin aparılmasının vacibliyini qeyd edən millət vəkili bu istiqamətdə mətbuat və medianın üzərinə böyük vəzifə düşdüyünü deyib və əhalinin tibbi maarifləndirilməsinin genişləndirilməsi istiqamətində səhiyyə komitəsində mətbuat və media qurumları ilə bu mövzuda birgə müzakirələrin keçirilməsini təklif edib.

Q.Paşayeva narkomaniyadan əziyyət çəkən insanların həyata qaytarılması və xilas edilməsi, bu bəladan qurtulması ilə bağlı çağırış səsləndirib, bu məsələdə üzərinə məsuliyyət düşən qurumlar daha çox çalışmalıdır deyib.

Deputat daha sonra vərəm xəstələri ilə bağlı məsələyə toxunaraq, bildirib ki, xüsusilə də, bu xəstəlikdən əziyyət çəkənlərə dəstək göstərilməsi, onların əlilliyə çıxa bilməsi ilə bağlı prosedurlar sadələşdirilməlidır.

                                                  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...