Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib.
Dəmiryolçular öncə Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini yad ediblər. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın, Şəhidlər Xiyabanında vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən oğul və qızlarımızın məzarları da ziyarət olunub.
Eurasia Diary xəbər verir ki, bundan sonra tədbir "Azərbaycan Dəmir yolları" QSC-də davam etdirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov tədbir iştirakçılarını salamlayaraq 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə onları təbrik edib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra C.Qurbanov çıxış edərək, Azərbaycan Dəmir Yollarının inkişafından söz açıb:
"Bildiyiniz kimi oktyabrın 13-də dəmir yollarının, Azərbaycanın "polad qolları"nın 139-cu ildönümdür. Bu gün sizinlə təntənəli bir iclasa yığışmışıq. Biz gördüyümüz işlər haqqında hesabat veririk ki, son illərdə Azərbaycan dəmir yolu üçün nə etmişik və bundan iqtisadiyyatımız nə qazanıb. Hesab edirəm ki, biz işlədiyimiz dövrdə xeyli işlər görmüşük. Yəni bunlar o işlərdir ki, bu heç birimizə utancaqlıq gətirmir, əksinə fəxrlə onlardan söz aça bilərik. Əlbəttə, bu işlərin hamısının önündə Heydər Əliyevin siyasəti durur. Siz bilirsiniz ki, Heydər Əliyev cənabları dəmir yoluna həmişə diqqət ayırıb. O, dəmir yolundan çox məlumatlı bir adam olub, bir çox məsələlərdə iştirak edib. Hətta bu binada da iclas keçirib. 1998-ci ildə biz Dübəndi terminalını tikdik. Bundan sonra cənab prezident ulu öndərin siyasətini davam etdirib, Azərbaycan dəmir yollarına xüsusi məhəbbətlə yanaşıb, dəmir yolunda islahatların aparılmasına, yenilənməsinə böyük köməklik göstərib.
Amma təəssüflər olsun ki, biz Nəqliyyat Nazirliyinin tabeliyində olduğumuz dövrdə dəmir yolunda güclü bir islahat getməmişdi. Nə qədər çətin də olsa, bunu etiraf etməliyik. 2015-ci ildə cənab prezident tərəfindən "Azərbaycan Dəmir Yolları"na mən sədr təyin ediləndən sonra biz burda hər şeyi analiz etdik, müzakirələr apararaq bunları aydınlaşdırdıq və bir proqram yaratdıq. Mənim bir fikrim var idi iki dəmir yolunda köhnəlikdən uzaqlaşmalıyıq. Amma öz-özümə fikirləşirdim ki, insanların sosial məsələsi var, onlar uzun müddətdir ki, dəmir yolunda çalışırlar, onların günahları yoxdur. Bununla məşğul olub kadr islahatından tutmuş, bütün hər şeyin yeniləşməsi istiqamətində addımlar atmağa başladıq. Biz analiz edəndə gördük ki, son əlli ildə Azərbaycan Dəmir Yolları bir dənə də olsun yeni vaqon almayıb. Nə sərnişin, nə də yük vaqonu. Hamısı köhnə, istismara yarasız vaqonlar idi. Texniki heyətdə olan elə lokomativlər var idi ki, səksən yaşı var idi. Bizə söyləyirdilər ki, maşinistlər həmin lokomativlərə oturanda Allaha dua edirdilər ki, bəlkə sağ qayıtmadılar. Bu fikirlər məni həm çaşdırırdı, həm də təşvişə salırdı, amma hesab edirdim ki, bunun öhdəsində birlikdə gələ bilərik. İnsanların həyatını təhlükə qarşısında qoymaq qorxunc idi, bizdə həyəcan var idi ki, necə bunun öhdəsindən gələcəyik. İllər keçdi bu problemləri həll etmək üçün bir komanda formalaşdırdıq. Bizim naliyyətlərimiz artıq göz qabağındadır. Bu gün artıq bizi dünyada Avropa və Asiyanı birləşdirə bir mərkəz kimi tanıyırlar. Bunu isə biz sizinlə bərabər qazanmışıq. Bilirsiniz ki, bu işlərin hamısı ölkə başçısının dəstəyi ilə həyata keçirilib".