Azərbaycanı ikiyə bölən “Gülüstan” - Müqavilənin imzalanmasından 206 il ötür | Eurasia Diary - ednews.net

14 Oktyabr, Bazar ertəsi


Azərbaycanı ikiyə bölən “Gülüstan” - Müqavilənin imzalanmasından 206 il ötür

Cəmiyyət A- A A+

Bu gün “Gülüstan” sülh müqaviləsinin imzalandığı gündür.

Eurasia Diary xəbər verir ki, Azərbaycanı ikiyə bölən bu bədnam razılaşmanın imzalanmasından 206 il ötür. Azərbaycan hökmdarı Nadir şahın ölümündən sonra onun qurduğu Avşar dövləti süquta uğradı. Dərbənddən Həmədana qədər olan bütöv Azərbaycan ərazisində 19 xırda feodallıq-xanlıqlar yarandı. Bu zaman güclənməkdə olan Rusiya imperiyası Qafqaza ayaq açmağa başlamışdı. I Pyotrun vəsiyyətinə uyğun olaraq ruslar isti sulara doğru hərəkət edirdilər.

Onlar Kəngər körfəzinə, İstanbulu alaraq isə boğazlara sahib olmaq istəyirdilər. Azərbaycanın güneyində Qacarlar mərkəzləşdirmə siyasətinə başlamışdılar. Amma dövlət o qədər güclü deyildi. Tərslikdən bu sülalənin ən qüdrətli dövlət xadimi Ağa Məhəmməd şah Qacar Şuşada öldürülmüşdü. Artıq rus Azərbaycanın şimalında bir sıra sultanlığı və xanlığı öz tərkibinə daxil etmişdi. Ordunu fransız zabitlərinin köməyi ilə modernləşdirən Qacarlar Səfəvi sərhədlərinin xeyli hissəsini bərpa etmişdilər. Lakin rus ordusu daha modern və güclü idi. Ən pisi o idi ki, Qacar taxtında iradəsiz Fətəli şah oturmuşdu. 1804-1806-cı illər Qacar dövləti-Rusiya savaşı ikincilərin xeyrinə başa çatdı. Fətəli şah sülh müqaviləsi imzalamağa məcbur oldu. Müqavilə 12 oktyabr 1806-cı ildə Şimali Azərbaycanın Gülüstan kəndində imzalandı. Müqaviləyə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verildi. Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi olan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlanmışdı.

Anlaşmanı Rusiya tərəfindən Nikolay Rtişşev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçi imzalamışdı. Bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazın əksər hissəsi Rusiya imperiyasının hakimiyyəti altına keçdi. İkinci Rusiya-İran müharibəsindən sonra Rusiya Cənubi Qafqazı bütünlüklə tutdu və bunu “Gülüstan” muqaviləsində Qacarlar tərəfindən təsdiq edilməsinə nail oldu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...