Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ƏƏSM Nazirliyi yanında İctimai Şura üzvləri ilə birgə “Xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələr üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin dəstəyi ilə Lənkəran şəhərində seminar keçirib.
Layihənin məqsədi: Sosial islahatların faydalılıq əmsalının, əlçatanlılığının artırılması, çətin həyat şəraitində yaşayan insanların sosial çağırışlarının düzgün dəyərləndirilməsində dayanıqlılığının təmin edilməsi, sosial iş prinsiplərinin gücləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan şəxslər və ailələrlə bağlı sosial reabilitasiya və sosial ekspertiza işlərinin aparılmasında davamlılıq prinsiplərinin qorunmasına dair sosial əlaqələndirmə işlərinin yerinə yetirilməsində maarifləndirmənin aparılmasından ibarətdir.
Eurasia Diary-nin verdiyi xəbərə görə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, ƏƏSM Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev tədbiri açıq elan edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən, zamanın tələbinə uyğun belə bir layihənin dəstəyi ilə bölgələrdə xüsusi qayğıya ehtiyacı olan insanlara diqqətin artırılması, onların cəmiyyətə inteqrasiyası üçün informasiya mühitinin yaradılması, sosial hüquqlarının təmin edilməsi istiqamətində maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı vətəndaş cəmiyyəti təmsilçiləri, müvafiq yerli icra strukturlarının nümayəndələri, icma rəhbərlərinin iştirakı ilə ictimai müzakirələrin keçirilməsinin əhəmiyyətindən söz açdı.
İctimai Şuranın üzvü, Lənkəran şəhəri üzrə tədbirin təşkilatçısı, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli əlilliyi olan uşaq və gənclərə cəmiyyətin qayğısı, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən sosial islahatların mahiyyəti, ƏOŞ-in həyatında dəyişikliklərin edilməsi, bölgələrdə sosial yönümlü layihələrə dəstəyin verilməsindən danışdı. Davud Rəhimli öz çıxışında ƏOŞ-in cəmiyyətə inteqrasiya olunmalarının metodlarından məlumatlandırılmanın aparılmasından geniş, əhatəli misallar gətirdi.
Tədbirin iştirakçıları İctimai Şuranın üzvü Məmmədhəsən Həsənov, Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri Məhluqə Rəhimova, Layihənin Lənkəran şəhəri üzrə təşkilatçısı, Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İctimai Birliyinin sədri Firuzə Babayeva tərəfindən ƏƏSM Nazirliyinin dəstəyi ilə Lənkəran şəhərində həyata keçirilən digər layihələrin ƏOŞ üçün yeni dəyişikliklər yaradacağı barəsində məlumat verdi.
Layihənin koordinator köməkçisi Zəminə Səfərova müzakirələrə qoşularaq suallara ətraflı cavablandırmalarla tədbir iştirakçılarında geniş məlumatlar verdi.
Tərbirdə Lənkəran şəhər fəallarının çıxışları xüsusi maraq doğurdu. Dövlət, QHT, KİV nümayəndələrinin iştirakı ilə görülən işlər, problemlərin həlli yolları barəsində müzakirələr aparıldı. ƏOŞ-in ailə üzvülərinin sualları cavablandırıldı. İştirakçılar tərəfindən layihənin mahiyyəti yüksək qiymətləndirildi.
Sonda layihə rəhbəri Umud Mirzəyev bu kimi tədbirlərin mahiyyətindən, digər bölgələrdə də keçirilməsindən danışaraq təşkililatçılara təşəkkürünü bildirdi.