Aprel döyüşlərində şəhid olan gizir Rahim Tağıyevin ailəsinin yaşadığı Mingəçevir şəhərində binanın qarşısında yerləşən Şəhid bulağının üstünə nəhəng ağac aşıb.
Eurasia Diary bu haqda "moderator.az"a şəhidimizin həyat yoldaşı Vüsalə Tağıyeva məlumat verib.
Şəhidin həyat yoldaşı bildirib ki, bununla bağlı bir neçə gündür ki, müvafiq qurumlara zəng vurub ağacı kəsmələrini desə də, heç kim onun harayına gəlmir:
“Ümumiyyətlə, Mingəçevirdə ağaclara qulluq edən yoxdur. Mingəçevir Yaşıllaşdırma İdarəsi və digər əlaqədar qurumlar şəhərdə yerləşən nəhəng ağacların quruması üçün şərait yaradırlar. Gözləyirlər ağac qurusun, sonra gəlib onu kəsib yerinə balaca ağac əkirlər. Amma əslində yaşlı ağaclara vaxtında qulluq edilsə, budansa, nəticə belə olmaz. Bir neçə gündür ki, yaşadığımız binanın qarşısında şəhid həyat yoldaşım Rahim Tağıyevin adına öz vəsaitimlə tikdirdiyim Şəhid bulağı təhlükə altındadır. Bulağın yaxınlığında yerləşən nəhəng ağac aşma təhlükəsiylə üz-üzədir. Hələ ötən həftə Mingəçevir şəhər İcra Hakimiyyətinə bununla bağlı məlumat vermişəm. Çox təəssüflər olsun ki, səsimə səs verən yoxdur. Mənə deyirlər ki, texnikamız yoxdur.
Bəs bunlar dövlətin ayırdığı vəsaiti hara xərcləyirlər? Havaların bir neçə gündür küləkli və yağışlı keçməsinə görə bir çox yerlərdə ağaclar aşıb. Səhər durub baxıram ki, həmin nəhəng ağac aşaraq şəhidin bulağının üstünə düşüb. Xoşbəxtlikdən digər ağaclar həmin o nəhəng budağı saxlayaraq bulağa xəsarət yetirməsinin qarşısını alıblar. Amma ağac dərhal kəsilib ərazidən çıxarılmalıdır. Əks halda bulağın üstünə düşsə, bərbad hala salacaq və onda mən bunun hesabını onlardan soracam”.
Məsələ diqqətimizdədir.