Parlament jurnalistlərindən cəbhə bölgəsində möhtəşəm bayraq aksiyası - FOTOLAR | Eurasia Diary - ednews.net

11 Dekabr, Çərşənbə


Parlament jurnalistlərindən cəbhə bölgəsində möhtəşəm bayraq aksiyası - FOTOLAR

Cəmiyyət A- A A+

Parlament Jurnalistləri Birliyi (PJB) 9 noyabr Dövlət Bayrağı Günündə cəbhə bölgəsində ənənəvi bayraq aksiyası keçirib.

Eurasia Diary xəbər verir ki, tədbir 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev və Parlament Jurnalistləri Birliyinin təşkilatçılğı ilə baş tutub.

Təşkilatın 20-yə yaxın üzvü bu dəfə Bərdə, Ağdam, Tərtər, Goranboy və Göygöl rayonlarında olub, Dövlət Bayrağı Gününü bu bölgələrin sakinləri ilə birlikdə qeyd ediblər.

PJB sədri Elşad Eyvazlı bildirib ki, onlar artıq 5 ildir ölkənin müxtəlif bölgələrində bu aksiyanı keçirirlər:

“Məqsədimiz insanlarda bayraq sevgisini daha da yüksəltməkdir. Bu aksiya kiməsə bir bayraq hədiyyə etməklə bitmir. Bir növ həm də ayrı-ayrı bölgələrdə insanlarımızın bayrağa münasibətilə bağlı monitorinq aparılır”.

Qeyd edək ki, aksiya çərçivəsində PJB üzvləri öncə Bərdə rayonunda olublar.

PJB üzvləri rayonunun mərkəzində bir neçə məkanda olaraq, yerli sakinlərə bayraq paylayıb, onlarla, xüsusilə, azyaşlı uşaqlarla, məktəblilərlə bayraq, Dövlət Bayrağı Günü ilə fikir mübadiləsi aparıblar.

Lakin qeyd edək ki, Bərdə kimi önəmli və tarixi bir bölgədə Dövlət Bayrağı Günü demək olar ki, hiss olunmayıb, yollarda, meydanlarda, dövlət binalarının üzərində bir dənə olsun belə, dövlət bayrağına rast gəlinməyib.

 

Hətta PJB üzvləri bəzi sakinlərin onlara hədiyyə edilən bayrağı götürməkdən imtina edərək, “bizə bayraq lazım deyil, bu bayraq bizə nə verib”- deyə, bir sıra “suallar”ı ilə üzləşiblər.

Bu üzücü mənzərə, müqəddəs üçrəngli bayrağa laqeyd, biganə münasibət PJB üzvlərində böyük xəyalqırıqlığı yaradıb.

PJB üzvləri sonra ərazisinin 70 faizi işğal altında olan, minlərlə şəhid və qurban vermiş, 16 Milli Qəhrəmanı olan Ağdam rayonu ərazisinə səfər ediblər. Ağdamın inzibati ərazisindəki yolların dövlət bayrağımızla bəzədilməsi jurnalistlərdə xoş ovqat yaradıb. Rayonun Quzanlı və Yeni İmamqulubəyli qəsəbələrində olan PJB üzvləri yerli sakinlərin, məcburi köçkünlərin bayrağımıza qarşı səmimi və sayğılı münasibətini görüblər.

Məcburi köçkünlərin məskunlaşdığı Yeni İmamqulubəyli qəsəbəsində keçirilən aksiya daha yadda qalan olub. Belə ki, kiçik yaşlı məcburi köçkün uşaqlarının onlara hədiyyə edilən bayraqlarla “Azərbaycan, Azərbaycan” deyərək sevincək o tərəf-bu tərəfə qaçmaları xoş təəssürat yaradıb.  

 

Bundan başqa, PJB üzvlərindən bir neçəsi qəsəbədə keçirilən məcburi köçkün ailələrinin övladlarının toy mərasimində iştirak edib, yeni qurulan ailəni, bəylə-gəlini, onların yaxınlarını, məclis iştirakçılarını həm toy, həm Dövlət Bayrağı Günü münasibəti ilə təbrik və onlara bayraq hədiyyə edib, yeni qurulan ailəyə və Azərbaycan xalqına xoşbəxtlik arzulayıblar. Bu addım həm PJB üzvlərində, həm də məclis iştirakçılarında xoş, unudulmayacaq və duyğulu anlar yaşadıb.

Ağdam sakinləri ilə görüş zamanı tezliklə bu rayonun işğal altında olan bölgələrilə yanaşı, Azərbaycanın erməni tapdağı altında inləyən digər yurd yerlərinin də tezliklə işğaldan azad edilməsi və həmin ərazilərdə də Azərbaycanın üçrəngli bayrağının dalğalanması arzusu, diləyi ifadə olunub. 

Xoş duyğularla Ağdamdan ayrılan PJB üzvlərinin növbəti dayanacağı düşmənə sipər olan Tərtər rayonu olub.

Cəbhə bölgəsi olan Tərtərdə ilk andan Dövlət Bayrağı Gününün əsl ab-havası hiss olunub. Küçələrdə, rayonun mərkəzi yerlərində, bütün dövlət binalarının üzərində dövlət bayraqları asılıb.

Rayon sakinləri ilə müxtəlif məkanlarda görüşən PJB üzvləri özləri ilə gətirdikləri bayraqları onlara paylayıb, onların bayrağa, Dövlət Bayrağı Gününə münasibətlərini, fikirlərini, arzularını dinləyiblər.

Tərtərdə hərbi paltar geyinən 7 yaşlı uşağın PJB üzvü ilə dialoqunda “Bayrağımızı Qarabağda dalğalandıracağıq” deməsi isə bu kiçik yaşlı oğlanın gələcəyin vətənpərvər, igid Azərbaycan övladı olacağından xəbər verirdi...  

PJB üzvlərinin sonrakı dayanacağı cəbhə bölgəsi olan və düşmən qarşısında mətinliklə duruş gətirən qəhrəman Goranboy rayonu olub. Nə yaxşı ki, burada da yalnız məmnunluq yaradan bayraq sevgisi müşahidə edilib.

Burada da Dövlət Bayrağı Gününü özündə yaşadan ab-hava PJB üzvlərində böyük məmnunluq yaradıb.

Aksiya zamanı PJB üzvləri Xan Qərvənd kəndində, Qızılhacılı qəsəbəsində və Goranboy şəhərində yerli sakinlərə, xüsusilə, məktəblilərə bayraq paylayıb, onlarla söhbətləşiblər.

 

Yerli sakinlər, məktəblilər belə bir aksiyaya görə PJB üzvlərinə minnətdarlıqlarını bildirib, dövlət bayrağına sayğılarını ifadə ediblər.

Goranboyda söhbət etdiyimiz uşaqların demək olar ki, hamısı milli bayrağımızdakı rənglərin mənasını dəqiq söyləyiblər. Hətta 5 yaşlı oğlanın “mavi türkçülüyü, qırmızı müasirliyi, yaşıl isə islamı bildirir” və bunun ardınca “bir kərə yüksələn bayraq bir daha enməz”, “yaşasın Azərbaycan” deməsi hər kəsi duyğulandırıb.

Bayrağı sevinclə qəbul edən digər kiçik yaşlı uşaqlar “bu, Azərbaycandır” deyib və Vətənə həsr olunmuş şeirlər söyləmək üçün növbəyə düzülüblər.

Jurnalistlər Ağdamda olduğu kimi, Goranboyda da toy məclisi ilə qarşılaşıb. Belə ki, PJB üzvünün şəhərin mərkəzindəki şadlıq evinə daxil olmaq istəyən bəylə gəlinə bayraqlı təbriki hər kəs üçün gözəl sürpriz oldu. Bayraq günündə toyları olan bəylə gəlinin şadlıq sarayına əllərində bayraqla daxil olması əlbəttə ki, zaldakı qonaqlarda da ən xoş hissləri yaşadacaqdı...

Qeyd edək ki, aksiya axşam saatlarında Göygol rayonunda yekunlaşıb.

 

PJB üzvləri rayonun girişində əllərində Azərbaycan və qardaş Türkiyənin dövlət bayraqlarını dalğalandıran atlılarla qarşılaşıblar.

Jurnalistlər onlarla görüşərək, xatirə fotosu çəkdirib, bu addımlarına görə, təşəkkürlərini bildiriblər.

Eyni zamanda, göygöllü gənclər PJB-yə belə bir aksiyaya görə minnətdarlıqlarını bildirib, üçrəngli bayrağımızla bağlı xoş duyğular yaradan sözlər söyləyiblər.

Beləliklə, PJB-nin daha bir aksiyası başa çatıb. 4 rayonda aparılan müşahidələrə görə, xüsusilə Bərdə məktəbliləri arasında hələ də bayrağımızın rənglərinin nəyi ifadə etdiyini bilməyənlər var idi. Lakin ümumilikdə götürsək, aksiya keçirdiyimiz cəbhə rayonlarında dövlətimizə, vətənimizə, bayrağımıza böyük sayğını müşahidə etdik. Kiçikdən tutmuş böyüklərə qədər hər kəs bu bayraqları böyük coşqu ilə qəbul edib.

Məktəblilərin, abituriyentlərin böyük üstünlük təşkil etdiyi aksiyada onların üçrəngli bayraqla bağlı tam bilgiyə malik olduğu üzə çıxıb. Cəbhə bölgəsində insanların bayrağa olan münasibəti qürurvericidir, təqdirəlayiqdir.

Həm də cəbhə bölgəsinin sakinlərinin bayraqla bağlı bir arzusunun şahidi olduq: “Qələbə qazanaq və bu bayrağı işğaldan azad etdiyimiz torpaqlarımızda dalğalandıraq!”

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...