Umud Mirzəyev: - “Mən hər yerdə Qarabağ haqqında danışıram ...” - FOTOLAR | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə axşamı


Umud Mirzəyev: - “Mən hər yerdə Qarabağ haqqında danışıram ...” - FOTOLAR

Cəmiyyət A- A A+

Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti 8-9 dekabr tarixlərində Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin təşkil etdiyi "Media azadlığının problemləri: cəzasızlığa qarşı mübarizə, qanunun aliliyi və məlumat verməkdən imtina etmək" mövzusunda keçirilən seminarda iştirak etmək üçün Qatarın Doha şəhərinə səfər etmişdir. 2 gün davam edən tədbirdə Əl-Cəzirə Media Şəbəkəsinin Baş Direktoru Dr.Mustafa Suag, UNESCO-nun İfadə Azadlığı və Media Inkişafı üzrə bölmə direktoru Qay berqer, BMT-nin məhkəmədən kənar edamlar üzrə xüsusi məruzəçisi Dr.Agnes Kallamard, Beynəlxalq Mətbuat İnstitutunun İcraçı Direktoru Barbara Trionfi, Azərbaycanda yerləşən Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti cənab Umud Mirzəyev və başqaları iştirak ediblər.

Eurasia Diary-yə danışan BAMF prezidenti simpozium barədə təəssüratlarını, tədbirdə görüşdüyü beynəlxalq təşkilatların nümayəndələrini də qeyd edib: 

“Ümumiyyətlə, bu simpozium hamımız üçün çox məhsuldar oldu. Mətbuat azadlığı, jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi və peşə fəaliyyətindən dolayı üzləşə biləcəkləri təhlükələrdən qorumaqla bağlı məsələlər qaldırdıq. Simpoziumda UNESCO-nun İfadə Azadlığı və Media İnkişafı üzrə bölmə direktoru Qay berqer, Beynəlxalq Mətbuat İnstitutundan olan yaxın dostumuz və tərəfdaşımız Barabara Trionfi, eləcə də BMT-dən Dr.Agnes Kallamard, İnsan Hüquqları Müdafiəsinin Ön Cəbhəsindən Endryu Anderson və digər təşkilatların yüksək səviyyəli nümayəndələri ilə görüşmək və danışmaq imkanına nail oldum. Simpozium əslində bizə təcrübə mübadiləsi aparmaq və həmin beynəlxalq təşkilatların nümayəndələri ilə yeni əlaqələr qurmaq imkanı verdi. Biz, həmçinin insan hüquqları və mətbuat azadlığı ilə əlaqəli problemlərin aradan qaldırılması üçün bir platformada həmrəy olma perspektivlərini də müzakirə etdik". 

- Simpoziumda daha çox hansı məsələlər müzakirə olunub?

- "Əvvəla, Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin hər il təşkil etdiyi tədbirləri yüksək qiymətləndirirəm. Hər dəfə bu cür tədbirdə Əl-Cəzirə söz azadlığı, insan haqları ilə bağlı bir çox problemləri müzakirəyə çıxarır.

Bundan əlavə, Əl-Cəzirə insan hüquqları və söz azadlığı ilə bağlı bir sıra kampaniyaların təşkilatçısı olmuşdur. Təşkilatımız Beynəlxalq Avrasiya Mətbuat Fondu 2017-ci ildə keçirilmiş tədbirdə fəal iştirak etmişdir. Qeyd etmək istərdim ki, təşkilatımız Əl-Cəzirənin bir çox digər layihələrində də çox əhəmiyyətli rol oynamışdır. Buna ən bariz nümunə kimi Əl-Cəzirənin söz azadlığı ilə bağlı hazırladığı video çarxı göstərmək olar. Xatırladım ki, həmin video çarxda digər təşkilatlarla birgə bizim təşkilatın da loqosu yer alıb. 

Əslində, paneldə mən əsasən yerli medianın və beynəlxalq təşkilatların insan hüquqları, həmçinin informasiya azadlığının inkişafındakı rolu və əməkdaşlığı haqqında danışdım. Təşkilat yarandığı gündən bəri əldə etdiyimiz təcrübəni, Beynəlxalq Avrasiya Mətbuat Fondunun təcrübəsini onlarla bölüşdüm”.

- Simpoziumda Qarabağ münaqişəsinə də toxundunuz. Ümumiyyətlə barəsində danışdığınız Qarabağdakı cinayət faktlarına auditoriyanın münasibəti necə oldu?

- “Mən hər yerdə Qarabağ münaqişəsi barədə danışıram. Bu, bizim mənəvi haqqımız və mövcud problemlərimizdən ən ağrılısıdır. Hətta deyərdim ki, Azərbaycanda hər kiçik problem Qarabağ münaqişəsindən qaynaqlanır.

İnsan hüquqları və ya media ilə bağlı məsələlərdən danışırıqsa, bunlar da Qarabağ problemi ilə əlaqələndirilir.

Bu problemə sərf olunan vaxtı və enerjini  Azərbaycanda ən vacib və faydalı sahələrə yönəldə bilərdik. İnanıram ki, Azərbaycan regionda ən uğurlu inkişaf etmiş ölkə ola bilər.

İnsan hüquqları ilə bağlı məsələyə gəldikdə isə, Qarabağ münaqişəsi zamanı hüquqları pozulmuş 1.200.000 nəfərdən və ya 7 yerli və xarici jurnalistin öldürülməsindən danışmalıyıq. Təəssüflə deyirəm ki, Qarabağda jurnalistlərə qətlə yetirənlər hələ də cəzasız qalır. Ən pis tərəfi də budur ki, həmin cinayətkərlar Ermənistanın hökumət strukturlarında yüksək vəzifələr tutur. Xüsusilə çıxışım zamanı təcavüzkar və bu cinayətləri törədən Ermənistanı dəstəkləməyə çalışan beynəlxalq təşkilatları tənqid etdim.

Düşünürəm ki, belə beynəlxalq platformalarda sözümüzü demək və Qarabağ problemi ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlimizdən gələni etməliyik. Bu, əlbəttə ki, soyqırımdan və işğaldan əziyyət çəkmiş bir insan kimi mənim əsas vəzifəmdir. Buna görə beynəlxalq tədbirlərdə iştirak etdiyim müddətdə bütün diqqəti Qarabağ münaqişəsinə yönəltməyə çalışıram. Baxmayaraq ki, beynəlxalq aləmdə Qarabağda törədilmiş qırğınların carçısı olmağım mənim bir çox beynəlxalq layihə və tədbirlərdən kənarda qalmağıma səbəb olur. Buna baxmayaraq, beynəlxalq əməkdaşlığımızı inkişaf etdiririk və bu görüşdən də əliboş qayıtmadıq.”

- Simpoziumdan sonra Əl-Cəzirə TV-nin bir çöx rəhbər şəxsləri ilə görüşləriniz oldu. Bu görüşlər hansı əməkdşlıq imkanları yaratdı?

- Bəli, simpozium başa çatan kimi, Əl-Cəzirə TV-nin baş direktoru cənab Mustafa Suag ilə ofisində görüşdüm. Bu yaxınlarda Əl Cəzirə TV-nin Müsafir proqramında yayımlanan 5 hissədən ibarət və hər biri 25 dəqiqə olan, eləcə də Azərbaycanın zəngin tarixini, mədəniyyətini və əsrarəngiz təbiətini əks etdirmək üçün çəkilmiş sənədli filmləri müzakirə etdik. Əl-Cəzirə komandasının Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə sərf etdiyi gərgin əməyin nəticəsində ərsəyə gəlmiş bu filmərə görə təşəkkürümü bildirdim və filmlərin Azərbaycan dilinə dublyaj olunmasına razılıq verilməsini istədim. Cənab Suag bu məsələnin müsbət həll olunması üçün qurumlara göstəriş verəcəyini söz verdi. İnanırıq ki, yaxın gələcəkdə bu filmlər Azərbaycanda yayımlanacaq.

Səfərimiz zamanı Əl-Cəzirə TV-nin İnsan Haqları, “Documentary”, Xəbər və digər şöbələrin rəhbərləri ilə də görüşüm oldu. Onlarla əməkdaşlıq imkanlarını müzakirə etdik və hətta növbəti ildə bir sıra layihələrin birgə icrası üçün ilkin razılığa gəldik. İnanırıq ki, bundan sonra BAMF ilə Əl-Cəzirə arasında daha sıx və əhatəli əməkdaşlıq qurulacaq və gələn ildən Əl-Cəzirə TV ilə daha çox ortaq layihələrimiz olacaq. Əl-Cəzirə bir vaxtlar əlçatmaz bir qurum idi, amma indi bizim üçün çox yaxın bir platformadır. Bu platformanın təcrübəsindən və imkanlarından istifadə etməklə, ölkəmizin bundan sonra daha çox faydalanmasına çalışacağıq.

 

Eurasia Diary-nin Baş Redaktoru: Elnur Məmmədli 

1

1

1

1

1

1

1

1

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...