Həbs edilən "Aprel döyüşləri"nin iştirakçısı polkovnik Qadir Vəlişov azadlığa buraxılıb.
Eurasia Diary xəbər verir ki, bu barədə Qarabağ qazisi Rey Kərimoğlu bildirib.
"Polkovnik Vəlişovun oğlu zəng etmişdi və dediyinə görə prokurorluğun verdiyi vəsadətlə polkovnik Vəlişov Qadir azadlığa buraxılıb", - o deyib.
Qeyd edək ki, Q.Vəlişov Beyləqan rayonunda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə tutulmuşdu. Faktla əlaqədar Beyləqan Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, dünən YAP-çı deputat Məlahət İbrahimqızı “Aprel döyüşləri”ndəki şücaətinə görə Prezident İlham Əliyevin qəbul etdiyi hərbçinin həbs edilməsini pisləyib.
“1986-cı ildən Əfqanıstan müharibəsində çətin döyüş yolu keçən, Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçmiş, 1994-cü ildə Füzuli istiqamətində ağır döyüşlər zamanı çox ciddi yaralanan və 1 il müalicə alandan sonra yenidən ordu sıralarına qayıdaraq, 15 ilə yaxın müddətdə hərbi hissə komandiri işləmiş, 2016-cı ilin aprelində Talış istiqamətində hərbi əməliyyatlarda döyüşən, Lələtəpəyə Azərbaycan bayrağını sancmış və bu döyüşlərdə ağır yaralanmış polkovnik Vəlişov Qadir Saday oğlunun məişət zəminində baş vermiş hadısə ilə əlaqədar həbsi hər bir Azərbaycan vətəndaşını dərindən üzür və narahat edir”,- deyə deputat qeyd etmişdi.