AZAL Çinə uçuşları bir aylıq dayandırır | Eurasia Diary - ednews.net

24 Oktyabr, Şənbə


AZAL Çinə uçuşları bir aylıq dayandırır

Cəmiyyət A- A A+

Ötən ilin dekabrından Çinin Vuhan şəhərində meydana çıxan ölümcül koronavirus (2019-nCoV) sürətlə dünyaya yayılmaqda davam edir. Artıq Moskvada 8 nəfərin ilkin koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Rəsmi məlumatlara görə, virusa yoluxma nəticəsində Çində ən azı 80 nəfər ölüb. Təxminən 2000 nəfər isə ölümlə nəticələ bilən virusa yoluxub ki, onlardan 300 nəfərinin vəziyyəti kritikdir. Çindən başqa ABŞ və Fransa da daxil olmaqla 10 ölkədə koronavirusa yoluxma halları qeydə alınıb.

Eurasia Diary Virtualaz-a istinadən xəbər verir ki, Çin prezidenti Xi Jinping sürətlə yayılan virusun daha çox insanın həyatını itirməsi və əlavə yoluxmalarla əlaqədar ölkədəki vəziyyəti “ağır” adlandırıb. Çinin ağır vəziyyətlə üzləşdiyini deyən prezident əhalini sakitləşdirməyə cəhd edib, “döyüşdə mütləq qalib gələ biləcəyini” söyləyib. Bildirib ki, virusun yayılmasının qarşısının alınması məqsədilə çox sayda şəhərlərə giriş və çıxış bağlanıb.

Koronavirusun daha geniş yayılmasının qarşısını almaq məqsədi ilə ölkənin Səyahət Xidmətləri Birliyi turizm agentliklərinə bütün qrup turları dayandırmağı tövsiyə edib.

Azərbaycanın səhiyyə rəsmilərinə inansaq, hələ ki, bu ölümcül virus ölkəmizə gəlib çatmayıb. Lakin Çinlə Azərbaycan arasında gediş-gəliş var, üstəlik Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.

Ekspertlər ölümcül koronavirus epidemiyası ilə əlaqədar bəzi şəhərlərdə karantin elan edilməsi, virusun qurbanlarının artması və digər ölkələrə də yayılması Azərbaycanla Çin arasında əlaqələrin bütün sahələrinə təsirsiz ötüşməyəcəyini ehtimal edirlər. Belə ki, ötən il Azərbaycandan Çinə 752,2 milyon dollarlıq mal göndərilib, 1,432 milyard dollarlıq mal gətirilib. Çinin payı idxalda 10,5 faizə çatıb. Əgər epidemiyanın yaxın zamanlarda qarşısı alınmazsa, onda Azərbaycanda çin mənşəli malların qıtlığı yarana və bu da heç şübhəsiz ki, istehlak bazarında qiymətlərin bahaşmasına gətirib çıxara bilər.

Digər tərəfdən isə, ehtimal olunur ki, bu proseslər son illər Çində yavaşıyan iqtisadi artımı daha da aşağı sala bilər ki, nəticədə məcmu tələbi və təklifi azalar. Bu da Çində alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxara bilər. Bu səbəbdən də Çində enerji daşıyıcılarına tələb və dünya bazarında neftin-qazın qiymətlərinin aşağı düşməsi ehtimal olunur. Azərbaycan iqtisadiyyatı da bundan mənfi yöndə təsirlənəcək.

Mütəxəssislər hesab edirlər ki, Çində təhsil alan tələbələr müvəqqəti olaraq ölkəyə qaytarılmalıdır. Azərbaycanın Təhsil Nazirliyi Çinin virus epidemiyasının yayıldığı ərazisində 7 azərbaycanlı tələbənin təhsil alması ilə bağlı məlumat açıqlayıb. Tələbələrlə əlaqə saxlanıldığı, onların ölkədən çıxarılması üçün rəsmi orqanlara müraciətlər olunduğu bildirilir.

Bəs Azərbaycandan Çinə və əksinə səfər edən sərnişin sayında azalma varmı? Koronavirus təhlükəsinə görə AZAL hansı tədbirlər görür?

Azərbaycan Hava Yolları QSC-dən verilən məlumata görə, Azərbaycan ilə Çin arasında Bakı-Pekin reysi ilə həftədə iki dəfə – çərşənbə axşamı və bazar günləri “Boeing 767-300ER“ təyyarələri vasitəsilə uçuşlar həyata keçirilir.

Lakin hər il fevralda AZAL Pekinə uçuşları müvəqqəti dayandırır. AZAL-dan virtualaz.org-un sorğusuna cavab olaraq bildiriblər ki, bu Çində yeni il bayramları ilə bağlı Pekin-Bakı-Pekin reysinə tələbat azalır.

“Beləliklə, ötən illərdə olduğu kimi bu il də fevralın əvvəlindən etibarən Çin paytaxtına reyslər dayandırılacaq və uçuşlar martın 8-dən bərpa olunacaq”,-məlumatda bildirilir.

Çin paytaxtına reyslər dayandırılsa da azərbaycanlı sahibkarlar bu ölkədən mal gətirməkdə davam edirlər və onlar əsasən Urumçi şəhərinə çarter reysləri ilə uçurlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...