Mədəniyyət sahəsində Misirlə Azərbaycan arasında əlaqələr gündən-günə genişlənməkdədir.
Eurasia Diary yazır ki, Misirin ölkəmizdəki səfiri Adel İbrahimin sözlərinə görə, bu ölkənin mədəniyyət naziri və Cənubi Sinay qubernatorunun himayəsi ilə 20-26 iyun tarixlərində keçirilməsi planlaşdırılan dördüncü Şarm Əl-Şeyx Film Festivalında Azərbaycan tərəfi iki filmlə - rejissor Elçin Musaoğlunun “Nabat ” və rejissor Zamin Məmmədovun “Səs” filmləri ilə iştirak edəcək. Artıq bu müstəvidə Azərbaycan Mədəniyyət Nazirliyi ilə razılığa gəlinib.
Diplomat bundan əvvəl də, ötən ilin mart ayında təşkil edilən Şarm Əl-Şeyx Film Festivalına Azərbaycan tərəfin rejissor Hilal Baydarovun "Ad günü" filmi ilə qatıldığını və bu iştirakın çox uğurlu olduğunu deyib.
Səfir həmçinin, tanınmış müğənni Dilarə Kazımovanın öz ansambılı ilə festivalın açılışında təmənnasız çıxış etdiyini, Azərbaycanın sözügedən tədbirin fəxri qonağı olduğunu, eləcə də festivalın rəhbərliyinin qədim Azərbaycan mədəniyyətini nümayiş etdirməyə çalışdığını da diqqətə çatdırıb.