Fevralın 18-də yanğın baş vermiş «Sədərək» Ticarət Mərkəzinin rəhbərliyinə obyektdə təhlükəsizliklə bağlı prblemlərin olması barədə 15 gün əvvəl xəbərdarlıq edilmişdi.
Bu barədə FED.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev bildirib.
Onun sözlərinə görə, Dövlət Yanğın Nəzarəti Xidməti bu ilin yanvarında ticarət mərkəzində yoxlama aparıb, pozuntular aşkar edib və onun nəticələri barədə «Sədərək»in rəhərliyinə məlumat verərək onlardan təhlükəsizliklə bağlı tələblərinə yerinə yetirməyi tələb edib. Eləcə də mərkəzdəki yanğın təhlükəsizliyi normalarının pozulmasına görə inzibati protokol tərtib edilib.
Yanvarın 19-də isə FHN bununla bağlı Bakı şəhəri və Qaradağ rayon icra hakimiyyətlərinə xəbərdarlıq məktubu göndərib.
Xəbərdarlıqlara baxmayaraq tədbir görülməyib, nəticədə yanğın olub və iş adamları böyük zərərlə üzləşiblər.
E.Babayev FED.az-a bildirib ki, «Sədərək»dən başqa, Bakıda fəaliyyət göstərən bir sıra digər ticarət mərkəzlərinə də xəbərarlıq edilib və buradakı pozuntuların aradan qaldırılması tələb edilib, amma hələlik bu işlər görülməyib. Xəbərdarlıq edilən ticarət mərkəzləri «Xalqlar Dostluğu» və «Bakıxanov (Razin)» ticarət mərkəzləridir: «Onlara xəbərdarlıq etmişik ki, yanğın təhlükəsizliyi ilə bağlı pozuntular var, aradan qaldırsınlar, amma hələlik bu iş yerinə yetirilməyib».
Ümumiyyətlə FHN rəsmisi bildirib ki, «Eurohome»dəki yanğından sonra nazirlik bütün iri ticarət mərkəzlərində yanğın təhlükəsizliyi ilə bağlı vəziyyəti araşdırıb və xəbərdarlıqlar edib.