22 fevral 2020-сu il tarixində Beynəlxalq Avrasiya Mətbuat Fondu, Azərbaycan Gənclik Platforması və Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Elmi Cəmiyyətinin və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə "Azərbaycanda könüllülük hərəkatının inkişaf mərhələləri və gələcək perspektivlər" mövzusunda maarifləndirici seminar təşkil olunub.
Eurasia Diary bildirir ki, tədbiri ev sahibi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev açıb. O, ölkənin dayanıqlı inkişafında gəncliyin potensialının rolu və könüllülüyün mahiyyətinə toxunaraq, Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin "Könüllülər İli" elan olunmasını gənclərin fərdi inkişafına təkan verən mühüm addım kimi qiymətləndirib.
U.Mirzəyev erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən deportasiya siyasəti və Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozaraq Dağlıq Qarabağ və ətraf rayonların işğalını davam etdirməsi nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün doğma torpaqlarına qayıda bilməməsindən söz açıb. BAMF prezidenti tədbirin əhəmiyyətini vurğulayıb və bu cür təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin vacib olduğunu bildirib.
Tədbirin təşkilatçılarından biri olan Fariz Vəliyev konfransın əsas məqsədinin layihənin həyata keçirilməsində gənclər arasında könüllülük fəaliyyətinin təşviqinin artırılması, ölkədə inkişaf edən könüllülər hərəkatına dəstək olmaq və könüllülük fəaliyyətini gənclərin yaşam tərzi kimi formalaşdırmaqdan ibarət olduğunu bildirib.
Seminarda çıxış edən Suraxanı Gənclər Evinin nümayəndəsi Kamil Yaqubov, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda da ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin uğurla davam etdirildiyini, həmçinin, Respublikamızda könüllülük fəaliyyətinin geniş vüsət aldığını, yeni dövrə qədəm qoyduğunu bildirərək, Cənab Prezident İlham Əliyevin çıxışlarında hər zaman gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunmalarının vacibliyini önə çəkdiyini, Azərbaycanda könüllülük hərəkatının indiki səviyyədə inkişaf etməsi məhz həmin vətənpərvərlik ruhunun, vətəndaşlıq mövqeyinin, milli təəssübkeşliyin parlaq örnəyi olduğunu söyləyib.
Seminarda çıxış edən UNEC Tələbə Elmi Cəmiyyətinin sədri Amal Veysəlov Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsini bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli şəkildə faydalanmaq məqsədlərini də özündə ehtiva etdiyini qeyd edib.
Tədbirdə, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, Suraxanı Gənclər Evi və media nümayəndələri iştirak ediblər.