Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi son günlərdə bir sıra kütləvi informasiya vasitələrində və sosial mediada dövlət sərhədində və buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin keçidində məhdudiyyətlərin tətbiq olunması barədə yanlış məlumatlar yayılması barədə açıqlama verib.
Eurasia Diary DSX-nin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, bu məlumatlar həqiqətə uyğun deyildir və reallığı əks etdirmir. Azərbaycan Respublikasının həmsərhəd ölkələrlə dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların, sərnişin avtobuslarının, fərdi və yük nəqliyyat vasitələrinin buraxılmasında hər hansı məhdudiyyətlər tətbiq edilməyibdir. Dövlət sərhədindən buraxılış məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlir. Hazırda buraxılış məntəqələrində şəxslərin və nəqliyyat vasitələrinin keçidində sıxlıq halları müşahidə olunmur.
Həmsərhəd ölkələrin sərhəd mühafizə orqanları ilə zəruri məlumat mübadiləsi həyata keçirilir, həmin ölkələr tərəfindən də dövlət sərhədindən buraxılış məntəqələrində tibbi profilaktik tədbirləri gücləndirilibdir.