Belçikanın Vaterlo şəhərində XIX əsr Azərbaycanın görkəmli şairi, Qarabağın sonuncu xanımı, Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Natəvanın şərəfinə ucaldılmış abidə sözün əsl mənasında vandalizmə uğrayıb. EDNews xəbər verir ki, naməlum şəxslər heykəlin üzərində Natəvanın adının yazıldığı lövhəni dağıdıb, sonra abidəyə ağ rəngdə maddə töküblər.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Belçikanın Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə bağlı KİV-in sualını cavablandırıb.
"EDNews"a daxil olan məlumatda L.Abdullayeva bildirib ki, Belçikanın Vaterlo şəhərində 2016-cı ildə ucaldılmış ölkəmizin görkəmli şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə bağlı Vaterlo polisi tərəfindən cinayət işi açılıb. Heykəl Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir və bu səbəbdən sözügedən hadisə polis tərəfindən araşdırılır.
"Əlbəttə, bu vandalizmin Ermənistan Baş nazirinin Belçikaya səfəri zamanı baş verməsi diqqəti cəlb edir. Qeyd etmək istərdim ki, ölkəmizin Belçika Krallığındakı Səfirliyinin əməkdaşları dərhal hadisə yerinə gedərək yerli hakimiyyət orqanları ilə təmaslar qurublar. Məsələ Səfirliyimizin nəzarətində saxlanılır və araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, abidə 2016-ci ildə fevralın 18-də ucaldılıb. Heykəl Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb.
Heykəlin postamentində "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" sözləri yazılıb.