Artıq bir aydan çoxdur ki, Abşeronun Hökməli, Sulutəpə və Qobu qəsəbələrindəki apteklərində tibbi qoruyucu maskalar yoxa çıxıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin COVİD-19 virusuna qarşı ciddi tədbirlərin görülməsi, o cümlədən mövcud vəziyyətdən sui-istifadə edərək qeyri-qanuni maska satışlarının qabağının alınması ilə əlaqədar qərarından sonra bütün apteklərdə maskaların satışına ciddi nəzarət qoyulsa da, adı çəkilən ərazilərin apteklərində hazırda tibbi maska böhranı yaşanır.
Məsələyə aydınlıq gətirmək üçün EDNews Abşeron rayon Hökməli qəsəbəsində fəaliyyət göstərən "Zəfəran" aptekləri ilə canlı əlaqə yaratdı.
Belə ki, adı gedən apteklərdə çalışan əczaçılar artıq bir aydan çox dur ki, depolarda maskaların olmaması və sifariş verilməsinə baxmayaraq onlara, yəni xüsusilə apteklərin Abşeron filiallarına çatdırımaması barədə dəfələrlə şikayət etdiklərini bildirdilər.
Onu da qeyd etmək istərdik ki, həmin apteklərdə tibbi maskaların tapılmaması alıcıların da ciddi narazılığına səbəb olub. Sakinlər bildirirlər ki, nəinki Hökməli qəsəbəsi, hətta Abşeronun digər apteklərində də eyni problemlər yaşanır. İş o həddə çatıb ki, bəzi apteklər hətta vitrinlərdə maskaların olmadığını nümayişkəranə şəkildə yazıb bildirirlər.
Aptek sahibləri problemə aydınlıq gətirməkdən bir qədər çəkinsələr də, ora gələn alıcılar, eləcə də həmin aptekdə çalışan əczaçılar məsələni şəhərdə yerləşən apteklərdə nazərət mexanizminin bir qədər güclü olması ilə əlaqələnirərək maskaların yalnız depolardan onlara göndərildiyini bildirdilər. Abşerondakı apteklərə gəldikdə isə onlara çatacaq sifarişlərin gizlin yollarla qara bazara göndərildiyi deyildi.
Elnur Ənvəroğlu