Koronavirus dünyada olduğu kimi Azərbaycanda da ümumi iqtisadiyyat və əhalinin rifah halına öz mənfi təsirini göstərməyə başladı. Bu xüsusilə əhalinin yoxsul təbəqələri arasında daha çox hiss olunur. Belə ki, gündəlik çörək pulu qazanan insanlar bu gün böyük bir dilemma qarşısında qalaraq hər gün düşünürlər - görəsən evdən çıxım ya çıxmayım.
Bu gün dövlətimizin koronavirusla apardığı mübarizə təqdirəlayiqdir. Onun bu sahədə, ələlxüsus da əhalinin sağlamlığı uğrunda gördüyü tədbirlər və attığı addımlar hətta bir çox ölkələrlə müqayisədə nümunəvidir. Eyni zamanda, media təbliğatı və maarifləndirmə siyasəti yüksək səviyyədədir. Lakin belə bir böhran vəziyyətində bir çox problemlər də mövcuddur.
Məsələn, gündəlik çörək pulu qazanmaq üçün evdən bayıra çıxa bilməyən işsizlər, fəhlələr və digər günəmuzd işçi təbəqəsi məcburiyyətdən dolayı ki, körpülərin altında sinsiyərək hələ də ümidlə iş axtarırlar.
Hazırda hər gün bütün KİV-də hər saat "Evdə qal" şüarı səslənməkdə davam edir. Lakin gündəlik qazanca gözünü dikən fəhlə evdə qalıb öz ailəsinin, körpələrinin gözlərinin içinə baxa bilmir. Yaxşı olardı ki, nüfuzlu media qurumları, millət vəkili və ya bu sahədə məsul olan səlahiyyətli orqan nümayəndəsi bu suala aydınlıq gətirsin. Bu barədə müəyyən işlər görülməlidir. Evdə qalmaq bəzi hallarda ac qalmaqla nəticələnməməlidir. Belə olan təqdirdə, onlar işləməyib külfəti üçün çörək pulu tapmaqda kimə müraciət etsinlər?
Ötən gün ABŞ prezidenti Donald Tramp Amerikada aztəminatlı vətəndaşlara karantin rejimi ilə əlaqədar sosial yardım ayırılması barədə sərəncam imzaladı. Bu sərəncama hətta işləyən təbəqə, yəni maaşları göstərilən minimum həddən aşağı olan vətəndaşlar və ya ailələr də şamil olunur.
Azərbaycanda da bu kimi addımlar atıldı. Hazırda ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Koranavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin cəmi təxminən 90,000,000 manata çatıb (https://koronavirusinfo.az/fonda-ianə/). Bu aztəminatlıların problemlərinin həlli üçün istifadə olunacaq kifayət bir məbləğdir. Önümüzdə vəziyyətin daha da ciddiliyi və fövqəladə halın elan olunması nəzərə alındığı təqdirdə, artıq ölkədə demək olar bütün bank və qeyri bank sektorlarında fəaliyyət dayandırılıb. Xüsusilə sözügedən aşağı təbəqə həyəcan içində bilmir qazanc uğrunda yoxsa can uğrunda mübarizə aparsın.
Azərbaycanda digər ağrılı problemlərdən biri də kommunal problemlərdir. Hətta gündəlik qəpik-quruşa ümid edən fəhlə əvvəl qaz, işıq və su xərclərini bir təhər yola verə bilirdisə indi bunlar artıq mümkünsüz olub. Əli hər yerdən üzülən biçarə vətəndaş yalnız ümidini indi dövlətimizdən diləyir. Bizlər də vətəndaş olaraq inanırıq ki, cənab Prezidentin bu sahədə qərarı məmurlar tərəfindən vicdanla icra olunacaq və bu çətin dönəmdə xalqa dəstək məqsədilə toplanılan vəsait son qəpiyə qədər "XALQ" üçün xərclənəcək !