Rusiyanın İvanovo şəhər Dumasının deputatı, biznesmen və yerli azərbaycanlı diasporunun lideri Sərraf Məmmədov aprelin 4-nə keçən gecə 55 yaşında vəfat edib. EDNews xəbər verir ki, bu barədə İvanovo şəhər rəhbərliyinin imzaladığı nekroloqda deyilir.
Bildirilir ki, Sərraf Məmmədov keçirdiyi əməliyyatdan sonra xəstəxanada vaxtsız vəfat edib. O, 1955-ci ildə Azərbaycanda, Füzuli rayonunda anadan olub. Yaroslavlda hərbi xidmət keçib və İvanovsk mühəndis-inşaat institutunda ali təhsil alıb. Burada bizneslə məşğul olub və yerli Dumaya seçilib. O, 2005-ci ildən İvanovo şəhər Dumasının deputatı idi.
Sərraf Məmmədov həm də ictimai fəaliyyətlə və xeyriyyəçiliklə məşğul olub. Azərbaycan Respublikasının “Tərəqqi” medalına layiq görülüb. Bir çox digər mükafatlar da alıb.
S.Məmmədov İvanovodakı “Azərbaycan” cəmiyyətinin lideri olub, 90-cı illərdən bu şəhərdə bizneslə məşğul idi.
EDNews kollektivi Sərraf Məmmədovun vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!