“Məqsəd islahatları dərinləşdirmək,vətəndaş məmnunluğunu artırmaqdır” | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


“Məqsəd islahatları dərinləşdirmək,vətəndaş məmnunluğunu artırmaqdır”

Cəmiyyət A- A A+
“DOST layihəsi də Azərbaycanın sosial xidmət sahəsində uğurlu və uzagörən layihələrindən biri sayılmalıdır”
 
 
Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Eyni zamanda, son illərdə icra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. 
 
Təsadüfi deyil ki, 3 saylı  DOST mərkəzinin açılışında iştirak edən ölkə başçısı DOST mərkəzlərinin fəaliyyətə başlamasının  sosial sahədə görülən işlərin və aparılan islahatların əyani təzahürü kimi dəyərləndirib.  Vətəndaşların DOST mərkəzlərinin fəaliyyətini bəyənmə əmsalının  96 faizə çatdığını vurğulayan prezident 
  DOST mərkəzlərində göstərilən xidmətlərin sosial təminat sahəsində böyük yenilik kimi dəyərləndirib:" Artıq bir neçə ölkə bu təcrübə ilə bağlı ölkəmizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır.  DOST mərkəzlərində tətbiq olunan innovasiyalar Azərbaycan hakimiyyətinin gələcəyə baxışı ilə tam uzlaşır. İnnovativ inkişaf həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir".
 
 
Dövlət başçısının toxunduğu  məqamları dəyərləndirən millət vəkili Ceyhun Məmmədov “Sherg.az”a ölkəmizin  bir çox sahələrdə dərin islahatların yeni mərhələsinə daxil olduğunu deyib. Onun sözlərinə görə, həm idarəçilik, həm də sosial xidmət sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir:
 
 "Əsas məqsəd isə vətəndaş məmnunluğunun və sosial xidmət sahəsində şəffaflığın artırılmasıdır.  Azərbaycan artıq bu sahədə böyük uğurlara nail olub. 
Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurla davam etdirir. 
 
Azərbaycanın xidmət sahəsində böyük nailiyyətlərindən biri olan ASAN xidmət layihəsi artıq bir neçə ildir, ölkəmizdə həm Bakıda, həm də bölgələrdə fəaliyyətini uğurla davam etdirir, vətəndaşlara keyfiyyətli xidmət göstərir. Bu gün bir sıra ölkələr bu modelin öz ölkələrində tətbiqinə başlayıblar. Bu layihə həm də yeni gəncliyin və gənc kadrların hazırlanmasında ciddi rol oynayır.
 
DOST layihəsi də Azərbaycanın sosial xidmət sahəsində uğurlu və uzagörən layihələrindən biri sayılmalıdır.  Son illər bu mərkəzlərin fəaliyyət və əhatə dairəsi sürətlə genişlənir. Yaxın vaxtlarda bölgələrdə də yeni DOST mərkəzləri yaradılacaq, əhaliyə 130-dan çox sosial xidmət göstəriləcək".   
 
Deputatın fikrincə, bütün bu layihələrin həyata keçirilməsində əsas məqsəd islahatları daha da dərinləşdirmək və vətəndaş məmnunluğunu artırmaqdır:
 
"Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində ölkə vətəndaşlarının həyat şəraitinin və rifahının daha da yaxşılaşdırılması durur. Vətəndaşlar da bu xidmətlərdən razıdırlar və öz məmnunluqlarını bildirirlər.   
 
Bu mərkəzlərin açılması həm Bakıda, həm də bölgələrdə yeni iş mərkəzlərinin yaradılmasına şərait yaradacaq, işə peşəkar və məsuliyyətli yanaşmanın yeni nümunəsini ortaya qoyacaq. Bu isə Azərbaycanın sosial xidmət sahəsində uğurlarını daha da artıracaq.   Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev yeni DOST mərkəzinin açılmasında ölkəmizin gələcəyi üçün xüsusi önəm daşıyan bir çox digər vacib məqamlara da toxundu. Bu onu göstərir ki, ölkə rəhbərliyi ölkəmizin inkişafını, bir çox sahələrdə islahatların dərinləşdirilməsini xüsusi diqqətdə saxlayır".

sherg.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...